“Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı getdikcə güclənir” Siyasət

“Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı getdikcə güclənir”

Fikrət Sadıxov: "Bu təlimlər Azərbaycanın qüdrətinin, hərbi potensialının nümayişidir"

Məhəmməd Əsədullazadə: "Təlimlər Türkiyənin Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir"

"Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə heç nə baş vermədi. Rusiya paytaxtında keçirilən bu görüşün təşəbbüskarı da rəsmi Moskva idi. Onların əsas qorxusu Azərbaycanın güclənməsi və Ermənistana müəyyən təhlükələr yaradacağı ilə bağlıdır. Bu, Ermənistanı və Rusiyanı çox narahat edir". Bunu Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətindəki son prosesləri şərh edən politoloq Fikrət Sadıxov deyib. O, qeyd edib ki, Rusiya son vaxtlar Azərbaycanla Türkiyənin münasibətlərinin artıq dərəcədə inkişaf etdiyini görür: "Hazırda Azərbaycanda iki ölkənin birgə hərbi təlimləri keçirilir. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı getdikcə güclənir. Bundan öncə – Moskva görüşü ərəfəsində, aprelin 16-dan 21-dək Azərbaycan Silahlı Qüvvələrinin 30 min nəfərlik şəxsi heyətinin iştirakı ilə təlimlər keçirildi. Rusiya başa düşür ki, bunlar təsadüfi amillər deyil. Bu təlimlər Azərbaycanın qüdrətinin, hərbi potensialının nümayişidir və gec-tez öz torpaqlarını azad etmək istiqamətində atılacaq addımların anonsudur. Bunlar hamısı Rusiyanı Ermənistan üçün narahatlıq keçirməyə vadar edir. Belə olan təqdirdə Moskva ATƏT-in Minsk qrupu çərçivəsində təşəbbüsü öz üzərinə götürür. Yenidən hər iki ölkəni bir araya gətirmək və vəziyyəti normallaşdırmaq məqsədilə münaqişə tərəflərini bir masa arxasına əyləşdirir. Rusiyanın fəallığının, elə sonuncu Moskva görüşünün də əsas məqsədi budur". Politoloq hərbi əməliyyatların yenidən başlayacağı, toqquşmaların olacağı ehtimalının heç vaxt gündəmdən çıxmadığını vurğulayıb: "Əlbəttə, bunun baş verməsi təkcə bizdən asılı deyil. Bizim strateji məqsədimiz yalnız və yalnız müxtəlif yollarla işğal olunmuş torpaqlarımızı azad etməkdir. Amma eyni zamanda dəfələrlə təkrar edirik ki, biz sülh yolunun tərəfdarıyıq. Bu sülh yolu isə hər halda müəyyən nəticələrə gətirib çıxarmalıdır. Ermənistanla boş söhbətlər, danışıqlar xətrinə danışıqlar aparmaq Azərbaycanın əsas məqsədi deyil. Əgər Ermənistan təxribatları yenidən gücləndirsə, Azərbaycana qarşı hərbi sahədə ciddi addımlar atsa, ona 10 qat artıq cavab veriləcək. Ötən ilin Aprel hadisələri bunu bir daha sübut etdi. Əgər onlar bu hadisələrin yenidən baş verməsini istəmirlərsə, özləri üçün nəticə çıxarmalıdırlar".
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. O, bildirib ki, təlimlərin Qarabağ münaqişəsinin dalana dirəndiyi, diplomatik danışıqların nəticəsiz olduğu müddətdə keçirilməsi, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə möhkəmlənməsinə bir cavabdır: "Çünki, ordumuz bu təlimlərdə yüksək dağlıq ərazilərdə döyüşün idarə edilməsi və aparılmasını praktiki olaraq təkmilləşdirir. Mayın 5-nə kimi davam edəcək təlimlər, Azərbaycanın regionda bir daha siyasi-hərbi mövqeyini möhkəmləndirəcək. Növbəti təlimlərin, daima Azərbaycana hərbi köməyini əsirgəməyən Pakistanla keçirməyin zamanıdır. Pakistan -Azərbaycan və Türkiyə ilə birgə təlimlər, üç ölkənin müttəfiq əlaqlərini möhkəmləndirəcək. . Çünki Pakistan Azərbaycanla sıx hərbi əlaqələrə malik bir dövlətdi. Rəsmi İslamabadın belə bir təlimlərdə iştirakına razı olmasında şübhə yoxdur. Pakistan güclü ordu və müasir hərbi texnikaya malik ölkədir. Onun praktiki şəkildə birgə təlimləri, ordumuzun müdafiə qabiliyyətinin yüksəlməsinə səbəb olar. Pakistan daima Azərbaycana öz ordusu ilə Qarabağda başlaya biləcək döyüşlərdə kömək etməyə hazır olduğunu bildirib. Niyədə Pakistan ordusunun praktiki təlimlərindən yararlanmayaq".

Əli