“İngiltərə zaman-zaman terrorçuların hədəfinə çevrilib” Siyasət

“İngiltərə zaman-zaman terrorçuların hədəfinə çevrilib”

Elxan Şahinoğlu: "Ən böyük terror hücumu 2005-ci ildə baş vermişdi"

"Terrorçuların əsas hədəfi Amerikadır". Bunu politoloq Elxan Şahinoğlu İngiltərənin Mançester şəhərində törədilən terror hadisəsini şərh edərkən deyib. Onun sözlərinə görə, İngiltərə ABŞ-ın əsas müttəfiqlərindən biri olduğu üçün tez-tez terrorçuların hədəfinə tuş gəlir: "İngiltərə zaman-zaman terrorçuların hədəfinə çevrilib. Ən böyük terror hücumu 2005-ci ildə baş vermişdi. Terror təşkilatına bağlı bir qrup İngiltərə vətəndaşı metro və avtobuslarda partlayışlar törətmişdi. Ondan sonra ara-sıra kiçik miqyaslı olsa da terror hadisələri qeydə alınırdı. Hətta bu yaxınlarda bir nəfər maşını ilə İngiltərə parlamentinin binasına daxil olmaq istəyərkən qarşısı alınmış və bir polis, bir mülki vətəndaş qətlə yetirilmişdi.
İndiki hadisə isə daha güclü oldu. İngiltərənin hər zaman terrorçuların hədəfində olmasının səbəbi odur ki, Böyük Britaniya Avropa ölkələri içərisində Amerikaya ən yaxın olanıdır. Amerikanın əsas müttəfiqidir. Terrorçuların isə əsas hədəfi ABŞ-dır. ABŞ-a gücləri çatmır, çünki orada terror törətmək çətindir. Ona görə də onun müttəfiqini vururlar. Çünki okeanın o tayına keçib planı həyata keçirmək o qədər də asan deyil. 2001-ci ildə buna nail olsalar da, ondan sonra ABŞ-da təhlükəsizlik tədbirləri çox gücləndirildi. O səviyyədə artırıblar ki, İŞİD və ya digər qruplaşmanın ora terrorçu göndərə bilmə ehtimalı ən aşağı səviyyədədir. Amma İngiltərədə qeyri-əhali çoxdur. Xeyli Pakistan və digər müsəlman ölkələrindən olan İngiltərə vətəndaşı var ki, onların bir qismini ələ almaqla bu cür terrora həvəsləndirə bilirlər".
E.Şahinoğu düşünür ki, terrorçu-kamikadze sosial şəbəkələr vasitəsilə İŞİD-ə qoşulmuş şəxslərdən də ola bilər: "Bəzi terrorçular heç Suriya və İraqda İŞİD sıralarında olmayıblar. Onlar sadəcə sosial şəbəkələr, internet vasitəsilə qruplara cəlb olunub, terrora həvəsləndirilirlər. Düşünürəm ki, araşdırdıqdan sonra məlum olacaq ki, İngiltərədəki hadisəni törədən şəxs bəlkə də heç Suriya və İraqda olmayıb. Sadəcə İŞİD-in təsiri altında bu terror törədib".