“İstənilən hədəfi məhv edə bilərik” Siyasət

“İstənilən hədəfi məhv edə bilərik”

Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır."

"2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub".
Bunu Azərbaycan prezidenti İlham Əliyev dünən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.
İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.


"ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub"


Prezident İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan dövlət başçısı ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib. "Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərib. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur", - deyə o vurğulayıb.


"Zəhranın və nənəsinin qanı yerdə qalmadı"

Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirib: "Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. İkincisi, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik. Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı".
İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərinin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi "referendum"un dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: "Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirib. Bu "referendum"un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya "referendum"u tanımadılar.Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan "referendum"u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma "referendum"un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi".


"Heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib"

Azərbaycan prezidenti deyib ki, ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib: "Xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".
"Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib", - deyə o vurğulayıb.
Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistanın hər zamana təxribata əl atdığını deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.


"Tezliklə mənalı, konkret danışıqlar bərpa edilməlidir"


Prezident İlham Əliyev bildirib ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir.
Dövlət başçısı qeyd edib ki, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib.
"Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil", - deyə o vurğulayıb.


" Yeni silahlar, ən müasir texnika alınır"


Azərbaycan prezidenti bildirib ki, həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik: "Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik".
Bununla belə dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz hərbi potensialını daha da gücləndirməlidir: "Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir".


"Bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub"


Prezident bildirib ki, bütün uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır: "Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz".
Ölkə başçısı qeyri-neft sektorunda 1,7 faiz artımı aparılan iqtisadi islahatların nəticəsi kimi qiymətləndirib: "Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir".
Prezidentin sözlərinə görə, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. "Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək", - deyə dövlət başçısı qeyd edib.
İlin birinci yarısında 122 min yeni iş yerinin açıldığını deyən prezident əlavə edib ki, onlardan 101 mini daimidir: "Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir".
Prezident həmçinin deyib ki, xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir: "Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıb".
"Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr", - deyə o qeyd edib.


Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşır

Dövlət başçısı bildirib ki, ölkənin valyuta ehtiyatları artıb və hazırda 40,6 milyard dollar təşkil edir.
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb: "Bu da çox gözəl göstəricidir. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".

Məmurlara xəbərdarlıq

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunub.
Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb.
Prezident bu məsələdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.
Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev Hacı Cavad məscidinin inşasının sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib.