“Vətənpərvərlik ilk növbədə cəmiyyətin içindən gəlməlidir” Siyasət

“Vətənpərvərlik ilk növbədə cəmiyyətin içindən gəlməlidir”

"Hesab edirəm ki, istənilən dövlətin strateji və gündəlik fəaliyyətində vətənpərvərlik vacib istiqamətlərdən biridir. Bununla bağlı proqramlar qəbul edilir, vaxtaşırı ictimai diskussiyalar keçirilir və daha yaxşı metodlar axtarılır. Vətənpərvərlik ilk növbədə cəmiyyətin içindən gəlməlidir". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan cəmiyyətində həmişə olub və həmişə də olacaq: "Ümumiyyətlə, vətənpərvərlik xalqımıza xas olan xüsusiyyətdir. Heç nə və heç bir qüvvə onu bizim əlimizdən ala bilməz. Əlbəttə ki, müstəqil dövlət olduqdan sonra vətənpərvərlik hisslərimizi daha dəqiq, geniş və düşünülmüş şəkildə ortaya qoya bilirik. Bu gün dövlətimizin fəaliyyətinin bütün istiqamətlərinin kökündə məhz vətənpərvərlik dayanır. Ümummilli Lider Heydər Əliyevin vaxtilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" deməsi hər birimiz üçün hesab edirəm ki, mənəvi bir tapşırıqdır. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı, hər bir vətəndaşın sosial problemlərinin həlli və təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlar vətənpərvərlik hissini daha da gücləndirir. Bu gün hərbi xidmətdə olmaq hər bir gənc üçün böyük bir şərəf, namus və qeyrət məsələsidir.
Ötən ilin aprel hadisələri Azərbaycan əsgərinin vətənpərvərliyinin yüksəkliyini göstərdi. Bu gün ziyalılarımız həm Azərbaycan daxilində, həm də ölkəmizdən xaricdə Azərbaycan adının yüksək tutulması üçün böyük işlər görürlər. Bu gün Azərbaycan idmanının inkişafı hər bir azərbaycanlıya böyük bir fəxarət gətirir. İstər təhsilimizdə, istərsə də bədii yaradıcılıq və incəsənət aləmində atılan böyük addımlarda vətənpərvərliyin daima diqqətdə olduğunu göstərir. Vətənpərvərlikdə ən bariz nümunə kimi Prezident İlham Əliyevi göstərmək olar. Dövlət başçısının Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruması, ölkəmiz naminə çox ciddi və vacib addımlar atması bunu bir daha sübut edir".