Türk Dövlətləri Təşkilatının növbəti sammiti: dünyanın yeni nizamı Siyasət

Türk Dövlətləri Təşkilatının növbəti sammiti: dünyanın yeni nizamı

Azərbaycan Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinə ev sahibliyi edir. Müsbət haldır ki, mövcud infrastruktur nəzərə alınaraq artıq Azərbaycanın regionlarında belə tarixi əhəmiyyətli tədbirlər keçirilir.
Onu da xatırladaq ki, 16 il öncə Naxçıvanda yaradılan bu təşkilat Türk coğrafiyasının genişlənməsinə, regionda və dünyada sabitliyə töhfə verməyə hədəflənirdi.

Siyasi ekspert Əkrəm Bəydəmirli xalqcebhesi.az-a deyib ki, həmin birlik yaradılarkən Türk Dövlətləri Təşkilatının özəyini Azərbaycan və Türkiyə təşkil edirdi. Mərkəzi Asiya respublikalarında müəyyən dövrlərdə tərəddüdlər olub. Lakin II Qarabağ müharibəsi, Azərbaycanın tarixi qələbəsi Türk dünyasında yeni bir dönəmin başlanmasına təkan verdi.

Müşahidələr göstərir ki, Mərkəzi Asiya respublikalarının həm cəmiyyətlərində, həm də rəsmi strukturlarda türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə maraq və güvən artdı:

"Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.

Dünyanın bütün siyasi-iqtisadi gərginliklərinə baxmayaraq, türk dövlərinin bu birliyi, strateji hədəfləri yeni dünya nizamının formalaşdırılmasına xidmət edir. Yeni dünya nizamı bərabər hüquqlu əməkdaşlıq şəraitində Türk Dövlətləri Təşkilatının xəttilə təhlükəsizlik, sabitlik, davamlı inkişafın dərinləşməsi strategiyasıdır".

"Gerçəkdən genişlənməkdə olan bu təşkilatın mövcud resurslarından səmərəli istifadə, yaranacaq situasiyalardan düzgün yararlanmaq Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsində yeni imkanlar aça bilər. Ümumilikdə Türk coğrafiyasının genişlənməsi regionda və dünyada sabitliyə və inkişafa töhfə verər" - politoloq deyib.

Cavid