

“Sabah” basketbol klubu bu gün Çempionlar Liqasının müntəzəm mövsümünün ilk turunda Çexiyada "Nimburk" komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Rimas Kurtinaytis və basketbolçusu Hassani Qravett oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə açıqlayıblar.
Kifayət qədər ciddi rəqiblə üz-üzə gələcəklərini deyən R. Kurtinaytis “Nimburk”un zəngin avrokubok təcrübəsinə, böyük ənənəyə malik komanda olduğunu bildirib: “Oturuşmuş sistemləri var. Bizə gəlincə, müntəzəm mövsümdə debütant olsaq da, oyuna çox yaxşı hazırlaşmışıq. Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək, uğurlu nəticə qazana bilərik”.
H. Qravett isə Çempionlar Liqasında ilk oyunlarını səbirsizliklə gözlədiyini söyləyib: “Komandada atmosfer çox yüksək səviyyədədir. Düşünürəm ki, oyun planında aqressiv olmalıyıq. Çox böyük istəklə mübarizə aparmalıyıq. Motivasiyamız yüksəkdir. Bir sözlə, bütün diqqətimiz oyuna köklənib”.
Qeyd edək ki, "Nimburk" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.