“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi tarixində yanlışlıq var” Siyasət

“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi tarixində yanlışlıq var”

Akif Aşırlı: "Ordunun gəlməsi üçün Cümhuriyyət rəhbərliyi ilə Türkiyə arasında saziş imzalanmalı idi və həmin saziş də iyunun 4-də imzalandı"

"Qafqaz İslam ordusunun Azərbaycana gəlişi mayın 25-də baş verməyib. Əslində həmin tarixdə Azərbaycana Nuru paşa öz heyəti ilə gəlmişdi. Həmin vaxt onlar Zəngəzurdan Qarabağa, ordan Yevlaxa keçmişdilər və onların təmtəraqlı qarşılanma mərasimi olub".
Bunu Modern.az-a açıqlamasında "Şərq" qəzetinin baş redaktoru, araşdırmaçı Akif Aşırlı bildirib.
Onun sözlərinə görə, heyətin gəlişinə səbəb Azərbaycanın bütövlüyünü təmin etmək və müəyyən bir ab-hava yaratmaq idi: "Əslində Nuru paşadan da əvvəl vəziyyəti dəyərləndirməkdən ötrü Nazim paşanın başçılığı altında bir qrup hərbçi də Gəncədə olmuşdu. Qafqaz İslam Ordusunun özü isə Azərbaycana 1918-ci il iyunun 6-da gəlib" .
Qeyd edək ki, mayın 25-də Böyük Quruluş Partiyası Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi münasibətilə Şəhidlər Xiyabanındakı türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət ediblər.
Araşdırmaçı Akif Aşırlı da həmkarlarını bu tarixlə bağlı yanlışlığı düzəltməyə dəvət edir: "O zaman Qafqaz İslam ordusunun tərkibində 5-ci Qafqaz piyada alayının sayı 5400 nəfərdən ibarət idi. Bu, Azərbaycanla Türkiyə birliyini göstərən ilk tarixi fakt idi. Daha sonra onlar Ağstafa stansiyasından qatarlara mindirilərək Gəncəyə yola salındı. İyunun 9-10-u arası ordunun hamısı artıq Gəncədə idi. Orada da Azərbaycandan olan könüllülərlə Qafqaz İslam ordusu birləşdi. Onların mayın 25-də Azərbaycanda olması üçün heç bir hüquqi əsas yox idi. Çünki ordunun gəlməsi üçün Cümhuriyyət rəhbərliyi ilə Türkiyə arasında saziş imzalanmalı idi. Həmin saziş də iyunun 4-də imzalandı. Sənədin dördüncü bəndinə görə, ehtiyacı olduğu təqdirdə Azərbaycana silahlı yardımların göstərilməsi idi. Odur ki, Qafqaz İslam ordusu da bu müqavilənin nəticəsi olaraq Bakıya gəlmişdi".