Xocalı qadınları CNN telekanalının aparıcısına məktub göndəriblər Siyasət

Xocalı qadınları CNN telekanalının aparıcısına məktub göndəriblər

Xocalı qadınları və Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar CNN-in aparıcısı, baş aşpaz, yazıçı Entoni Bourdayna məktub göndərilib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasından verilən məlumata görə, məktubda 1991-94-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə edilən hücum barədə məlumat verilib.
Bildirilib ki, 1992-ci il fevralın 26-da erkən saatlarda Xocalının kütləvi artilleriya bombalanmasından sonra müxtəlif istiqamətlərdən hücum başlanıb: "Nəticədə Ermənistan silahlı qüvvələri hazırda da bölgədə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb və mülki əhalini tamamilə məhv etdilər. Ermənistan silahlı qüvvələri xüsusi qəddarlıqla - diri-diri yandıraraq, baş dərisini soyaraq, boynu vuraraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vuraraq vəhşiliklər törətdilər. Hətta uşaqlar belə istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. Digər 1000 sakin yaralandı, 1,275-i girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi irqçi ayrı-seçkilik əsasında onların kütləvi şəkildə qırğınına yönəldilib. Ermənistanın o vaxtkı müdafiə naziri və hazırda prezident olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Val ilə müsahibəsində utancverici formada günahkar olduğunu deyib: "Xocalıdan öncə, azərbaycanlılar düşünürdülər ki,…….erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik".
Məktubu imzalayanlar Entoni Bourdaynın peşəkarlığına və beynəlxalq mətbəx haqqında hazırladığı proqramlara hörmət etdiklərini bildiriblər və qeyd ediblər ki, sülh şəraitində belə bir mətbəx mübadilələri xalqları bir araya gətirir: "Lakin davamlı müharibə və amansızlıq şəraitində belə bir mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirən bizim kimi insanlar tərəfindən etnik təmizləmə və güc yolu ilə torpaq əldə etmə siyasətinin dəstəklənməsi kimi başa düşülə bilər. Xahiş edirik başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə ziyarət etməkdən məhrum olunmuşuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq, viran qoyulmuş və əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şilə plovunu uşaqlarımız üçün yenidən bişirmək həsrəti ilə yaşayırıq".
Məqalədə qeyd olunub ki, işğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir: "Əvəzində biz iki xalqa sülh əldə etmək üçün yardım etməli və beynəlxalq sülh yaratma cəhdlərini təşviq etməliyik. Biz vəziyyətin həssaslığını və bir çoxlarımızın yaşadıqları əzabları nəzərə almağa çağırırıq. Həmçinin, biz Azərbaycanın işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə çağırırıq".