“Bədnam qonşularımız heç vaxt özlərinin ziyanına sənəd müzakirəyə çıxartmazlar” Siyasət

“Bədnam qonşularımız heç vaxt özlərinin ziyanına sənəd müzakirəyə çıxartmazlar”

Üzeyir Cəfərov: "Missiyası vasitəçilik funksiyası olan Minsk Qrupu bu illər ərzində ortalığa heç bir konkret nəticə qoya bilməməyib"


"İştirakçı ölkələr Ermənistanın təklif etdiyi bəyanatla BMT-nin Nizamnaməsində əks olunan müddəaları öz bildikləri şəkildə rəsmiləşdirərək imzaları ilə təsdiq ediblər". Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk toplantısında qəbul edilən bəyanata münasibət bildirən hərbi ekspert hərbi ekspert Üzeyir Cəfərov deyib: "Nəzərə alsaq ki, bu sənədin qəbuluna məhz Ermənistan tərəfi təkid edirdi və onların xahişi ilə bu sənəd-bəyanat qəbul edildi, deməli, düşünmək lazımdır ki, bədnam qonşularımız heç vaxt özlərinin ziyanına sənəd müzakirəyə çıxartmazlar və imzalatmazlar. Həmin sənəd artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmi saytında yerləşdirilib. Ondan başlayaq ki, indiyə kimi Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı o qədər də Qarabağ məsələsinə "girişmirdi" və bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səlahiyyətində olması ilə izah edirdi. Adamı maraq bürüyür, nə baş verdi ki, birdən-birə KTMT Dağlıq Qarabağ konflikti ilə bağlı, özü də qurumun sədri erməni generalı Xaçaturov olandan sonra, məhz danışıqların intensivləşdiyi və hardasa Ermənistanı küncə sıxan məqamlar olduğu dönəmdə, birdən bəyanat qəbul edir və orada BMT qaydalarının əksi olan məqamları önə çəkir? Dəfələrlə həm biz ictimaiyyət və mətbuat nümayəndələri səviyyəsində, həm də ölkə rəsmiləri miqyasında son vaxtlar
ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və Birləşmiş Ştatlardan olan həmsədrlərinin bu illər ərzində ortalığa heç bir konkret nəticə qoya bilməmələrini dərin narahatçılıqla ifadə etmişik. Bu gün də bu fikirdəyik ki, missiyası vasitəçilik funksiyası olan, mandatında Dağlıq Qarabağ konfliktinin siyasi-diplomatik vasitələrlə həllinə yardım etmək göstərilən bir qurum avara, bivec və daha çox işğalçının maraqlarını müdafiə edən bir boşboğaz yığnağından başqa bir şey deyil. Belə olan halda onların hansı səylərini dəstəkləmək və ya müsbət fikir söyləmək olar? Onların fəaliyyəti, daha çox fəaliyyətsizliyi, imitasiya xarakterli hərəkətləri problemin həlli üçün deyil, əksinə işğalçının maraqlarını müdafiə etməyə yönəlik addımlar təsiri bağışlayır. İndi bunlar durub Azərbaycanın haqq işini önə çəkib öz hoqqabazlarını ayağa verəsi deyillər ki? Yeri gəlmişkən bir vacib məqamı da diqqətə çatdırım ki, Qarabağ məsələsində Fransa və Birləşmiş Ştatlar prezidentləri daha çox Rusiyadan olan həmkarının sözlərinə və fikirlərinə diqqət edir və ona inanaraq hansısa sənədə imza atırlar. Və Minsk şəhərində Dağlıq Qarabağla bağlı qəbul edilən birgə bəyanatla da hesab edirəm ki, böyük əks-sədaya səbəb ola biləcək saxtakarlığa imza atılıb və bu hərəkət bizə çox baha başa gələ bilər" Üzeyir Cəfərov deyib ki, sözügedən təşkilatın məlum bəyanatı qəbul edib yaymasından sonra bütün erməni mətbuatı Minskdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin xeyir-duası ilə qəbul olunmuş bəyanatın sevincini yaşayır və bunu xüsusi olaraq önə çəkirlər ki, sənədi imzalayanlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin gərəkliyini təsdiq etməklə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının müddəaları, xüsusilə güc tətbiq etmədən və ya güc tətbiqi təhdidi olmadan, xalqların öz müqəddaratını təyin etməsini bir daha önə çıxarıb, dövlətin ərazi bütövlüyü, əsasında həllinə yönələn səyləri isə sonrakı müddəaya salıblar. Bu əsla yolverilməzdir və məhz Ermənistanın və separatçıların maraqlarına cavab verən addım və siyasi saxtakarlığı özündə əks etdirən bir sənəddir. Bir daha xüsusi olaraq qeyd edirəm ki, bəyanat məhz Ermənistan tərəfinin təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında gündəmə gətirilib və qəbul olunub. Düşünürəm ki, Xarici İşlər Nazirliyimiz bu məsələni tam dəqiqliyi ilə incələməli və faktın təsdiqini tapacağı təqdirdə, Rusiyadan, Belorusdan, Qazaxstandan, digər adını çəkmədiyim dövlətlərdən izahat tələb edilməlidir".