“Bu, regionda yeni mərhələnin anonsu kimi oxunmalıdır” Gündəm

“Bu, regionda yeni mərhələnin anonsu kimi oxunmalıdır”

“Nikol Paşinyanın sərhədlərin demarkasiyası ilə bağlı nikbin bəyanatı regionda yeni mərhələnin anonsu kimi oxunmalıdır, amma bu, avtomatik sabitlik demək deyil. Demarkasiya texniki prosesdir, yəni xəritə üzərində razılaşdırılmış sərhədin yerində – fiziki olaraq nişanlanmasıdır. Bu addım ilk növbədə “boz zona”ları aradan qaldırır, təsadüfi insidentlərin sayını azaldır və sərhəd idarəçiliyini institusional çərçivəyə salır. Nəticədə, hərbi eskalasiya riski nəzərəçarpacaq dərəcədə aşağı düşə bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov diqqətə çatdırıb ki, lakin məsələ təkcə xətt çəkməklə bitmir: “Demarkasiya hüquqi deyil, daha çox praktiki mərhələdir; əsas yük delimitasiya zamanı, yəni sərhədin hüquqi əsaslarla razılaşdırılmasında daşınır. Əgər tərəflər delimitasiya üzrə əldə edilən razılaşmaları daxili siyasi müstəvidə legitimləşdirə bilməsələr, demarkasiya sahədə yeni gərginlik ocaqları da yarada bilər. Xüsusilə sərhədyanı yaşayış məntəqələri, kommunikasiya xətləri və su resursları kimi həssas nöqtələrdə narazılıqların lokal toqquşmalara çevrilməsi riski qalır”.

Politoloqun bildirdiyinə görə, bununla belə, prosesin tamamlanması uzunmüddətli perspektivdə iqtisadi və nəqliyyat layihələrinin önünü açır: “Sərhədlərin aydınlaşması investisiya mühitinə pozitiv siqnal verir, tranzit marşrutların təhlükəsizliyini artırır və regionu daha proqnozlaşdırılan edir. Yəni demarkasiya sabitliyin özü yox, onun üçün zəruri infrastrukturudur. Əsl sabitlik isə yalnız siyasi iradə, qarşılıqlı etimad və imzalanacaq yekun sülh sazişi ilə təmin oluna bilər”.

Röya İsrafilova