![“Cənub Qaz Dəhlizi“nin icrası uğurla gedir](https://xalqcebhesi.az//photos/ilhambolqarnazir.jpg)
Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq
Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.
Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov görüşdə çıxış ediblər.
Prezident İlham Əliyev qonaqı Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdiyini bildirib: "Sizi yenidən görməyimə çox şadam. Cənab Baş nazir, siz artıq birinci dəfə deyil ki, ölkəmizə səfər edirsiniz. Mən də Bolqarıstanda tez-tez olmuşam. Ölkələrimiz arasında bizim səylərimizlə də möhkəmlənən çox sıx dostluq münasibətləri qurulub. Biz bu gün artıq həm siyasi, həm enerji sahələrində ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdim. Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu vacib vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik. Bizi bir çox cəhətlər, əsasən də xalqlarımız arasında dostluq əlaqələri və ölkələrimizin rəhbərləri arasındakı dostluq münasibətləri birləşdirir. Mən çox şadam ki, 2018-ci il bizim üçün dostumuzun səfəri ilə başlayır".
Boyko Borisov isə bunu deyib: "Hörmətli həmkarlar, mən həqiqətən qeyd edə bilərəm ki, xalqlarımız arasında müstəsna dərəcədə qarşılıqlı rəğbət hissi var. Çox gözəl haldır ki, prezident İlham Əliyevlə indiyədək razılaşdırdığımız bütün məsələlər həll edilib. Mən hesab edirəm ki, Bakı ilə Sofiya arasında açılan birbaşa aviareys ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Lakin bu iş artıq görülüb. Qarşımızda yeni vəzifələr durur. Mən ümid edirəm ki, Prezident Əliyev SOCAR şirkəti ilə bağlı müvafiq göstəriş verəcək".
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq: "Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var".
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlıdır: "Bildiyiniz kimi bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər "Cənub Qaz Dəhlizi"nin icrasını təmin edir. Azərbaycanın zəngin qaz yataqları var. "Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. "Cənub Qaz Dəhlizi"nin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün əsas resurs bazasıdır. Eyni zamanda bu il TANAP layihəsinin yekunlaşdırılması nəzərdə tutulur. Bu layihənin icrası artıq 90 faizə çatıb. Beləliklə bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra olunur. "Cənub Qaz Dəhlizi" layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq. Biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir."