“Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi artıq anlayır ki…” Siyasət

“Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi artıq anlayır ki…”

“Ermənistan uzun illər ərzində öz xarici siyasətini regionda əməkdaşlıq və qonşuluq prinsipləri üzərində deyil, Azərbaycana qarşı ərazi iddiaları və işğal siyasəti üzərində qurub. Bu siyasət nəticəsində Ermənistan təxminən 30 il regional layihələrdən kənarda qaldı, iqtisadi inkişaf imkanlarını itirdi və faktiki olaraq özünü təcrid vəziyyətinə saldı. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi müəyyən ümidlər yaratsa da, ilk mərhələdə əvvəlki yanaşmada ciddi dəyişiklik baş vermədi. Əksinə, Azərbaycanla bağlı sərt bəyanatlar səsləndirilirdi. Lakin 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpa olunması regionda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. Artıq həmin reallıqları nə Ermənistan, nə də beynəlxalq ictimaiyyət görməzlikdən gələ bilər. Məhz bu səbəbdən son dövrlərdə Ermənistan rəhbərliyinin ritorikasında da dəyişiklik müşahidə olunur”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov diqqətə çatdırıb ki, sülh sazişi üzrə danışıqların irəliləməsi, ATƏT-in Minsk qrupu institutunun fəaliyyətinin başa çatdırılması ilə bağlı müzakirələrin aparılması, eləcə də Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin artıq açıq şəkildə gündəmə gətirilməsi bunu göstərir: “Əlbəttə, Ermənistan daxilində iqtidarla müxalifət arasında ciddi fikir ayrılıqları mövcuddur. Radikal siyasi qüvvələr hələ də keçmiş siyasətin davam etdirilməsinin tərəfdarıdırlar. Lakin Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi artıq anlayır ki, ölkənin inkişafı qonşularla normal münasibətlərdən, regional kommunikasiyaların açılmasından və iqtisadi inteqrasiyadan keçir. Buna görə də sülh gündəliyi tədricən ictimai dəstək qazanır”.

Deputatın sözlərinə görə, son parlament seçkilərində də Baş nazir Nikol Paşinyan əsasən sülh və regional əməkdaşlıq gündəliyi ilə çıxış etdi: “O həmçinin yeni Konstitusiyanın hazırlanmasının hakimiyyətin gündəmində qaldığını dəfələrlə bəyan edib. Konstitusiya Günü münasibətilə etdiyi müraciətdə də vurğuladı ki, yeni Konstitusiya Ermənistan dövlətçiliyinin gələcək inkişafı baxımından vacib əhəmiyyət daşıyır. Bu isə onu göstərir ki, hakimiyyət Konstitusiya islahatlarını strateji prioritet kimi nəzərdən keçirir. Mən hesab edirəm ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi gec-tez baş verəcək. Bunun vaxtı daxili siyasi proseslərdən və referendumun keçirilməsi ilə bağlı qərarlardan asılıdır. Lakin bu prosesin alternativi görünmür. Çünki mövcud Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların qalması yekun sülh sazişinin imzalanmasını və uzunmüddətli etimadın formalaşmasını çətinləşdirir”.

O eləcə qeyd edib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin dayanıqlı və hüquqi baxımdan etibarlı olması üçün Ermənistan öz qanunvericiliyini, o cümlədən Konstitusiyasını beynəlxalq hüququn prinsiplərinə və mövcud regional reallıqlara uyğunlaşdırmalıdır: “Bu, təkcə Azərbaycanın maraqlarına deyil, ilk növbədə Ermənistanın özünün gələcək inkişafına xidmət edir. Əgər Ermənistan yeni reallıqları qəbul edər, Konstitusiyasında zəruri dəyişiklikləri həyata keçirər və regionda sülh siyasətini davam etdirərsə, bu, Cənubi Qafqazda uzunmüddətli sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad üçün yeni imkanlar açacaq. Əks halda, ölkənin yenidən regional təcrid və inkişaf imkanlarının məhdudlaşması riski qalacaq”.

Röya İsrafilova