Prezident İlham Əliyev Qarabağın bərpasına dəstəyə görə qırğız həmkarına təşəkkür edib Siyasət

Prezident İlham Əliyev Qarabağın bərpasına dəstəyə görə qırğız həmkarına təşəkkür edib

Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdikləri dəstəyə görə Qırğızıstan Prezidentinə təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib ki, Ağdam rayonunda "Manas" adına məktəbin açılışında birlikdə iştirak ediblər: “Bu, 30 il işğaldan əziyyət çəkmiş Qarabağın bərpasına qırğız xalqının böyük töhfəsi idi. Bizi tariximiz, mədəniyyətimiz və xalqlarımızın görkəmli nümayəndələrinə olan hörmətimiz də birləşdirir. Biz birlikdə Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılışını da etmişik.

Bu gün görüşümüzü də Çingiz Aytmatovun yaşadığı evin yaxınlığında, divarlarında onun portreti olan məkanda keçirdik. Bütün bunlar xalqlarımızın bir-birinə yaxın olmaq istəyinin göstəricisidir.

Bir neçə il əvvəl Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının açılışını birlikdə etdiyimizi də unutmamışam. Bu da əməkdaşlığımızın kiçik, lakin mühüm nümunələrindən biridir.

Bu gün müzakirə etdiyimiz humanitar əlaqələr, mədəni tədbirlər, Azərbaycan və Qırğızıstanın mədəniyyət günləri xalqlarımız arasında müsbət ab-hava yaradır və ortaq köklərə malik xalqlarımızın nə qədər yaxın olduğunu bir daha nümayiş etdirir”.