09:07
273
Ölkəmizə səfəri çərçivəsində Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) olub.
Xalqcebhesi.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədov, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK-nın və Akademiyanın əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq Akademiyanın fəaliyyəti barədə məlumat verib. Q. Novruzov təqdimatla çıxış edərək Akademiyanın fəaliyyətinin əsas istiqamətləri, gömrük sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığının təşkili, tədris prosesində innovativ yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübələrin mübadiləsi, gömrük əməkdaşlarının peşəkar hazırlığı və yüksəkixtisaslı kadrların formalaşdırılması sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonda Braziliya gömrük xidmətinin rəhbəri Akademiyada yaradılmış tədris və infrastruktur imkanları ilə yaxından tanış olub.
Cavid

