Rusiya ilə Azərbaycan arasında informasiya qalmaqalı Siyasət

Rusiya ilə Azərbaycan arasında informasiya qalmaqalı

İTAR-TASS-ın xəbəri Azərbaycanın kəskin etirazına səbəb oldu, Milli Məclis Oqtay Əsədovun Rusiyaya səfərilə bağlı bəyanatla çıxış etdi

İTAR-TASS agentliyinin Milli Məclisin sədri Oqtay Əsədovun iyunun 5-də Moskvada Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü haqda yaydığı məlumat qalmaqal yaradıb.
Milli Məclis dünən Rusiyanın İTAR-TASS agentliyinin ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumatla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin iyunun 4-5-də Moskvada rəsmi səfərdə olarkən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib:
"Guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcək. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir".
Azərbaycanın Ukraynadakı səfirliyi də Rusiyanın mərkəzi dövlət informasiya agentliyi olan İTAR-TASS-ı rəsmən təkzib edib və bu agentliyi qərəzli məlumat yaymaqda, Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa çalışmaqda qınayıb.
Səfirlik bu mövqeyini ötən gün yaydığı açıqlamada ifadə edib.
Səfirliyin açıqlamasında deyilir ki, Oqtay Əsədovun Sergey Narışkinlə görüşündə ATƏT Parlament Assambleyasının bu il iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasında Azərbaycanın Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etdiyi barədə İTAR-TASS agentliyinin yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur: "Azərbaycan Respublikası Milli Məclisinin sədri belə bir mövqe bildirməyib və bildirməz də. Çünki Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. Bu, mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunub".
Azərbaycanın Ukraynadakı səfirliyi hesab edir ki, İTAR-TASS agentliyinin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlib.
Səfirliyin açıqlamasından o da məlum olub ki, Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində Azərbaycandan məhz Milli Məclisin sədri Oqtay Əsədov iştirak edəcək.
Səfirliyin açıqlamasında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev dost Ukrayna dövləti ilə münasibətlərə bir strateji tərəfdaş olaraq önəm verir və Ukraynanın seçilmiş prezidenti Pyotr Poroşenkonu ilk təbrik edənlər sırasında ona və dost Ukrayna xalqına xoş arzularını yetirib: "İyunun 7-də cənab Pyotr Poroşenkonun dövlət başçısı vəzifəsinə başlaması ilə əlaqədar andiçmə mərasiminə Milli Məclisin sədri Oqtay Əsədovun göndərilməsi ölkəmizin dövlət başçısının Ukrayna xalqının seçiminə yüksək diqqətinin nümunəsidir".
Qeyd edək ki, Pyotr Poroşenkonun andiçmə mərasimi iyunun 7-də Ali Radanın təntənəli iclasında keçiriləcək.

TURQUT