“Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyəli siyasi dialoq üzərində qurulub” Siyasət

“Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyəli siyasi dialoq üzərində qurulub”

“Xarici işlər nazirimiz Ceyhun Bayramovun Ukraynaya səfəri Azərbaycanın xarici siyasətində uzun illərdir izlədiyi balanslı və praqmatik diplomatiyanın növbəti təzahürü kimi qiymətləndirilə bilər. Rəsmi Bakı həm Rusiya, həm də Ukrayna ilə dövlətlərarası münasibətləri qorumağa çalışır, eyni zamanda, öz mövqeyini beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurduğunu nümayiş etdirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın mövqeyinin əsas xüsusiyyəti ondan ibarətdir ki, ölkə Ukraynada müharibənin hərbi deyil, beynəlxalq hüquq normaları və diplomatik danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu ardıcıl şəkildə bəyan edir: “Bununla yanaşı, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyi rəsmi siyasətin dəyişməz elementi olaraq qalır. Bu yanaşma Azərbaycanın özünün də uzun illər ərazi bütövlüyü prinsipinə əsaslanan mövqeyi ilə tam uzlaşır. Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu, əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Xüsusilə iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin möhkəmliyindən qaynaqlanır. Ukrayna Ali Radası ilə Milli Məclis arasında da səmərəli əməkdaşlıq mövcuddur. Mütəmadi qarşılıqlı səfərlər Azərbaycan-Ukrayna parlamentlərarası münasibətlərini daha da möhkəmləndirir”.

Deputat qeyd edib ki, eyni zamanda, tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir ki, bu da münasibətlərin yalnız ikitərəfli deyil, çoxtərəfli müstəvidə də strateji xarakter daşıdığını göstərir: “Prezident İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü və suverenliyini bütün beynəlxalq platformalarda dəstəklədiyini və dəstəkləyəcəyini dəfələrlə bildirib. Azərbaycan Respublikası tərəfindən Ukraynaya əhəmiyyətli ölçüdə humanitar, eləcə də bərpa və yenidənqurma, elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstəkməqsədli yardımlar göstərilib. Həmçinin SOCAR-ın Ukraynadakı törəmə müəssisəsi vasitəsilə də yardımlar göstərilmiş, o cümlədən, bərpa və yenidənqurma işlərinə dəstək məqsədilə xüsusilə İrpen şəhərində əhəmiyyətli işlər görülmüş, hərbi əməliyyatların zərər verdiyi ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinin aparılmasına töhfə verilib. Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqların sosial-psixoloji reabilitasiyasına önəm verən nadir ölkələrdəndir və mütəmadi olaraq ukraynalı uşaqların ölkəmizdə müvafiq dəstək alması təşkil olunur”.

O əlavə edib ki, nazir Ceyhun Bayramovun Ukrayna səfərində iqtisadi və enerji əməkdaşlığının ön plana çıxması xüsusi diqqət çəkir: “SOCAR-ın uzun illərdir Ukrayna bazarında fəaliyyəti, enerji sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın zərurət yaranacağı təqdirdə Ukraynaya qaz tədarük etməyə hazır olduğunu bəyan etməsi göstərir ki, Bakı müharibədən sonrakı dövrdə də Ukraynanın enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır. Bununla yanaşı, nazir Ceyhun Bayramovun həm Rusiyaya, həm də Ukraynaya səfərləri Azərbaycanın hər iki ölkə ilə açıq dialoqu qoruyub saxladığını göstərir. Bu, Azərbaycanın regionda etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini gücləndirir”.

Röya İsrafilova