“İrəvan iki Avrasiya platformasından uzaqlaşır?”
19 Avqust 23:50

İsrailin Suriyaya endirdiyi son hava zərbələri Yaxın Şərqdə onsuz da mürəkkəb olan geosiyasi mənzərəni yenidən dəyişə biləcək narahatlıqlar yaradıb. Təl-Əvivin İdlib bölgəsində yerləşən Əbu-Duhur aviabazasına zərbələr endirməsi yalnız Dəməşqin deyil, bu dəfə ABŞ və Türkiyənin də sərt reaksiyası ilə qarşılaşıb. Burada daha diqqətçəkən məqam Vaşinqton və Ankaranın İsrailin addımına münasibətində mövqelərinin bir-birinə olduqca yaxın görünməsidir.
ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Əbu-Duhur aviabazasına hücumlarını “lazımsız eskalasiya” adlandıraraq bunun regional sabitliyə töhfə vermədiyini bildirib. Onun sözlərinə görə, Suriya hökuməti nə “təcavüzkar” mövqedən çıxış edir, nə də proksi qüvvələrin nəzarətindədir. Vaşinqton bütün tərəfləri hərbi eskalasiya əvəzinə təmkin və dialoqa üstünlük verməyə çağırıb.
Ankara da İsrailin Suriyadakı zərbələrini qətiyyətlə pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazisinə hücumlarını bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti İsrailin addımlarına reaksiya verməyə çağırıb.
Beləliklə, ortaya kifayət qədər diqqətçəkən mənzərə çıxır: İsrailin Suriyadakı hərbi əməliyyatları ilə bağlı ABŞ və Türkiyənin mövqeləri müəyyən mənada üst-üstə düşür. Xüsusilə Vaşinqtonun özünün müttəfiqi olan İsrailə qarşı bu dəfə açıq şəkildə “lazımsız eskalasiya” ifadəsindən istifadə etməsi Yaxın Şərqdə yeni siyasi mesaj kimi qəbul edilə bilər.
ABŞ və Türkiyənin eyni mövqedən çıxış etməsi İsrailin Suriyadakı əməliyyatlarına təsir göstərəcəkmi? Vaşinqton Təl-Əvivə qarşı əvvəlki kimi qeyd-şərtsiz siyasi dəstək verməkdən uzaqlaşır? Ankara ilə Vaşinqtonun Suriya məsələsində mövqelərinin yaxınlaşması bölgədə yeni əməkdaşlıq formatının yaranmasına səbəb ola bilərmi?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-da bir məsələni xüsusi xatırlatdı. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp açıq şəkildə ifadə edib ki, Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya edəcək: "Bu ABŞ-nin hazırki iqtisadi durumu ilə bağlıdır. Vaşinqton maraqlarının təmin olunması şərti ilə, mümkün qədər az vəsait xərcləməyə çalışır. Buna görə də Yaxın Şərqlə bağlı Vaşinqtonun əməkdaşlıq edə biləcəyi yeganə dövlət Türkiyədir. Hərbi güc, iqtisadi-siyasi təsir imkanları, tarixi bağlılıq və digər aspektlər baxımından Türkiyənin imkanlarının bölgədə alternativi yoxdur. Təbii ki, Türkiyə üçün prioritet məsələ ilk növbədə milli təhlükəsizlik, terror təhdidi kimi narahatlıqların aradan qaldırılması və iqtisadi imkanların genişləndirilməsidir. Suriyada Əsədin devrilməsi ilə Türkiyə önəmli imkanlar əldə etdi. Məhz Ankaranın səyləri nəticəsində Rusiya və İran neytrallaşdırıldı. Türkiyə ilə sıx əlaqələri olan Şaara hakimiyyətə gəldi və Ankara vasitəsilə ABŞ administrasiyası ilə münasibətlər normallaşdı. ABŞ-Türkiyə-Suriya xəttində fərqli proses başlandı. Əsədlə yaxın əlaqələrə malik olan və terror təşkilatları vasitəsilə Suriyada xaosun davam etməsini, beləliklə də genişlənmə siyasəti üçün zəmin formalaşmasını istəyən İsrail hökuməti bunu təhdid hesab edərək Vaşinqtona təzyiqlərini artırdı. Netanyahu dəfələrlə Vaşinqtona səfər etsə də, Tramp bütün dünyanın gözü qarşısında bəyan etdi ki, Türkiyə ilə işləməkdə qərarlıdır. Bundan sonra Türkiyəyə qarşı Təl-Əviv tərəfindən dəfələrlə təxribat xarakterli addımlar atılsa da, Türkiyə ordusuna verilməsi nəzərdə tutulan hərbi hissələr bombalansa da, Ankara təmkinli davrandı və prosesi Vaşinqtonla koordinasiya etdi".
Siyasi şərhçi xüsusi olaraq qeyd etdi ki, Təl-Əvivin təzyiqi ilə İranla müharibə Vaşinqtonun maraqlarına zərbə vurdu, Türkiyənin bölgədə mövqeləri gücləndi və yeni vəziyyət yarandı: "Netanyahunun Vaşinqtonun maraqlarını heçə sayması, Trampı dinləməməsi, Livana hücumlarını davam etdirməklə ABŞ-İran razılaşmasını sabotaj etməsi, Vaşınqton-Təl-Əviv xəttində gərginliyi artırdı. Bu eyni zamanda ABŞ hökumətində İsrail lobbisi ilə müqayisədə "öncə Amerikaçılar"ın (MAGA) mövqelərini gücləndirdi. Təbii ki, bütün bu proseslər Vaşinqton-Ankara əlaqələrini daha da gücləndirdi. Bölgədə və dünyada hər kəs başa düşür ki, proseslər Türkiyə-Suriya hərbi İttifaqına doğru irəliləyir. Təl-Əviv də anlayır ki, Türkiyə-Suriya ittifaqı İsrailin genişlənmə siyasətinin bloklanması deməkdir və tarixdə ilk dəfə bu vəziyyət yaranır.
Sionizmin dünyada ifşa olunması ilə İsrailin təcrid vəziyyətinə düşməsini də bura əlavə etsək, Netanyahu hökumətinin aqibətini daha aydın təsəvvür edə bilərik. Ona görə də hesab edirəm ki, istər Türkiyənin güclənməsi fonunda bölgədə, istərsə də ABŞ daxilində və dünyada mövqelərini itirən İsrail hökumətinin düşdüyü durumu təsəvvür etmək çətin deyil. Təl-Əviv çalışır ki, bu cür sabotaj xarakterli addımlarla seçkiöncəsi Vaşinqtona təzyiqlər etsin və ABŞ administrasiyasının bölgə ilə bağlı siyasətində korrektələrə nail olsun. Amma yuxarıda sadaladığım faktorlar bunun effekt verəcəyini deməyə əsas vermir. Təl-Əvivin daimi müharibə siyasəti artıq İsrail dövlətçiliyi üçün də ciddi təhdidlər yaradıb və bu siyasət uzun müddət davam etdirilə bilməz".