Pensilvaniyada təyyarə ilə polis helikopteri toqquşub: 1 ölü, 2 yaralı Dünya

Pensilvaniyada təyyarə ilə polis helikopteri toqquşub: 1 ölü, 2 yaralı

Pensilvaniya ştatında təlim məşqləri zamanı yüngülmühərrikli təyyarənin polis helikopteri ilə toqquşması nəticəsində bir nəfər ölüb, daha iki polis əməkdaşı isə xəsarət alıb.

​Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

​Hadisə çərşənbə günü yerli vaxtla təxminən saat 18:52-də (Bakı vaxtı ilə cümə axşamı saat 02:52-də) Filadelfiyadan təxminən 190 kilometr qərbdə, Kamberlend dairəsində yerləşən Karlayl regional hava limanında baş verib.

​Polisin məlumatına görə, iki nəfərdən ibarət helikopter heyəti uçuş-enmə zolağının yaxınlığında planlaşdırılmış təlim keçirirmiş. Bu zaman uçuş-enmə zolağında hərəkət edən ikinəfərlik "Cessna 150" markalı təyyarə sağa meyil edərək alçaq hündürlükdə olan helikopterlə toqquşub.

​İki polis əməkdaşı helikopterin içərisində sıxılıb qalsa da, onlardan biri pəncərəni sındıraraq xilasedicilər gələnə qədər həmkarının çıxmasına kömək edə bilib. Hər iki əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıb.

​Təyyarənin pilotu hadisə yerində həlak olub. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin başvermə şəraitinin araşdırılmasına başlayıb.

Məryəm Quliyeva