“İrəvan iki Avrasiya platformasından uzaqlaşır?” Gündəm

“İrəvan iki Avrasiya platformasından uzaqlaşır?”

Cənubi Qafqazda cərəyan edən son geopolitik proseslər Rusiya-Ermənistan münasibətlərində gərginliyin keyfiyyətcə yeni və daha mürəkkəb bir mərhələyə qədəm qoyduğunu göstərir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurması, təşkilatın yüksək səviyyəli tədbirlərini boykot etməsi və eyni zamanda Avropa İttifaqı ilə inteqrasiya xəttini sürətləndirməsi Moskva tərəfindən ciddi narahatlıqla qarşılanır. Lakin hüquqi və institusional mexanizmlərin mürəkkəbliyi, eləcə də tərəflərin qarşılıqlı asılılığı bu münasibətlərdə tam qopmanın baş verməsini ləngidir. Regional təhlükəsizlik arxitekturasının və iqtisadi platformaların yenidən formalaşdığı bir vaxtda, Moskvanın İrəvana qarşı tətbiq etdiyi siyasi-iqtisadi təzyiq alətləri və Ermənistanın üzləşdiyi strateji seçim zərurəti xüsusi aktual xarakter daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatları Azər Allahverənov və Elşad Musayev fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Rusiya Ermənistana təzyiqi”

Millət vəkili Azər Allahverənov qeyd edib ki, Ermənistanın KTMT-də üzvlüyünün dayandırılması institusional baxımdan bu ölkənin Rusiyadan uzaqlaşması anlamına gəlir.
Deputat bildirib ki, siyasi müstəvidə hələlik Moskva ilə İrəvan arasında ciddi uzaqlaşmanın baş verdiyini söyləmək doğru olmaz: “Hazırda münasibətlərdə müəyyən soyuqluq müşahidə olunsa da, həm Rusiyanın Ermənistana, həm də Ermənistanın Rusiyaya ehtiyacı qalmaqdadır. Ermənistanın KTMT-də fəaliyyəti dondurulsa da, ölkə hələ də təşkilatın üzvüdür. Bu isə Rusiya üçün mühüm təzyiq aləti olaraq qalır. Hesab edirəm ki, noyabr ayında keçiriləcək KTMT toplantısında Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı hər hansı müzakirələrin gündəmə gətirilməsi daha çox İrəvana siyasi təzyiq elementi kimi qiymətləndirilməlidir”.
A.Allahverənovun sözlərinə görə, vəziyyət yalnız KTMT ilə məhdudlaşmayacaq və eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində də oxşar addımlar atılacağı təqdirdə münasibətlər tamamilə fərqli mərhələyə keçə bilər: “Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından uzaqlaşdırılması Moskva ilə İrəvan arasında münasibətlərin daha da soyumasına səbəb ola bilər. Bu gün Ermənistanın Avropa İttifaqı ilə əlaqələri sürətlə inkişaf edir. Avropa Komissiyasının yüksək səviyyəli nümayəndələrinin İrəvana səfərləri və verilən bəyanatlar da bunu təsdiqləyir. Əgər Ermənistanın həmin iki platforma ilə əlaqələri kəsilərsə, bu halda ölkənin Avropa İttifaqına daha sıx inteqrasiyası qarşısında siyasi və institusional maneələr əhəmiyyətli dərəcədə azalacaq. Avrasiya İqtisadi İttifaqının son toplantısında qəbul edilən birgə bəyanatda da Ermənistan qarşısında müəyyən öhdəliklərin qoyulduğu bildirilir. Bəyanatda Ermənistana dekabr ayınadək referendum keçirərək Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında strateji seçimini müəyyənləşdirməsi ilə bağlı yanaşma ortaya qoyulub. Bu da regionda geosiyasi proseslərin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnallardan biridir”.

“KTMT-də Ermənistan düyünü”

Millət vəkili Elşad Musayev diqqətə çatdırıb ki, Ermənistanın KTMT-də səsvermə hüququnun dondurulması hüquqi baxımdan çətin məsələdir: “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində səsvermə hüququnun dondurulması hüquqi və siyasi baxımdan mürəkkəb məsələdir. Nəzəri baxımdan bu mümkündür, lakin təşkilatda qərarlar konsensus, yəni bütün üzv dövlətlərin ümumi razılığı prinsipi ilə qəbul edilir. KTMT-nin mövcud normativ bazasında üzv dövlətin yalnız səsvermə hüququnun ayrıca dondurulmasını nəzərdə tutan konkret mexanizm yoxdur. Təşkilatdan könüllü çıxmaq və ya üzvlüklə bağlı müəyyən prosedurlar mövcuddur. Lakin bunun üçün həmin dövlətin öz siyasi qərarı olmalıdır. Ermənistanın səsvermə hüququnun dondurulması yalnız təşkilatın normativ bazasına dəyişiklik edildikdən və ya bütün üzv dövlətlərin razılığı ilə xüsusi siyasi qərar qəbul olunduqdan sonra mümkün ola bilər. Yəni hazırkı hüquqi çərçivədə bununla bağlı konkret norma yoxdur. Ya normativ bazada dəyişiklik edilməlidir, ya da bütün üzv dövlətlərin razılığı əsasında ayrıca siyasi qərar qəbul olunmalıdır”.
Deputat bildirib ki, hazırda Ermənistan faktiki olaraq KTMT-də fəaliyyətini minimuma endirib və təşkilatın tədbirlərinin böyük əksəriyyətində iştirak etmir. Buna baxmayaraq, hüquqi baxımdan hələ də KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “İndiki mərhələdə Ermənistanın səsvermə hüququnun dondurulması və ya ölkənin təşkilatdan çıxarılması real görünmür. KTMT-də həlledici rola malik ölkə Rusiyadır. Moskva hazırda Ermənistana daha çox siyasi və iqtisadi təsir mexanizmlərindən istifadə edir. Hesab edirəm ki, bu məsələ hazırda Rusiyanın əsas gündəmində deyil. Daha çox təzyiq vasitəsi kimi gündəmə gətirilir. Ona görə də mövcud qeyri-müəyyənliyin hələ bir müddət davam edəcəyini gözləmək olar”.

“İrəvan üçün Moskvanın yeni mesajı”

Politoloq Cavanşir Abbaslı bildirib ki, Rusiyanın “Rus NATO-su” hesab edilən KTMT-də Ermənistanın iştirakı ilə bağlı konkret addımların atılacağı gözlənilən idi.
O qeyd edib ki, şimal qonşumuz Rusiya Ermənistandakı seçkilərin nəticələrini gözləyirdi: “İyunun 20-dəki parlament seçkilərində Paşinyan növbəti dəfə qalib gəldi. Artıq Rusiya Paşinyanla gələcək dönəmdə də işləməyə məcbur olduğunun fərqindədir və bunun da fonunda Paşinyanın qərbmeyilli siyasətini yürüdəcəyinin də fərqindədir. Çünkü Rusiya yaxşı anlayır ki, Ermənistandakı revanşist müxalifətlə yaxın təmasları davam etdirə bilər ki, həmin müxalifət də seçkilərdə hələ ki uğur qazana bilmir. Onun üçün də təzə rıçaqlarını işə salacaq.
Ermənistan 2024-cü ildən KTMT-dəki fəaliyyətini dondurub, hesab edirəm ki, Rusiyanın belə bir zaman tanıması, noyabr ayına əsaslandırıb irəli sürməsi həmin zamana qədər Ermənistanı quruma yenidən gətirmək və fəaliyyətini bərpa etməkdir. Bu maliyyə məsələləri-filan hamısı bəhanələrdir, zatən məlumdur ki, Ermənistanın maliyyə məsələsindəki ən böyük dayağı Rusiyadır və onun, Ermənistanın KTMT-də üzvlük haqqını ödəyib, ödəməməsi filan Rusiyanın bir o qədər də marağında deyil. Sadəcə burada yeganə hədəf Ermənistanı tamamilə qərbmeyilli siyasətdən çəkindirmək və yenidən tam olaraq öz nəzarətinə qaytarmaqdır”.

Rusiya buna nail olacaqmı? Politoloq qeyd edib ki, nail olma ehtimalları kifayət qədər böyükdür, çünki Rusiyanın hələ də Ermənistanda təzyiq rıçaqları kifayət qədər genişdir: “Elə bircə amili demək yetər. Hazırda Ermənistanda, Gümrüdə yenə də 102-ci Rus hərbi bazası fəaliyyətini davam etdirir və həmin hərbi baza Ermənistanda olduğu zamanda Ermənistan Rusiyanın forpostu olaraq qalmağa davam edəcək. Həmin Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq imkanları, gücü varmı? Xeyr, indiki vaxtda buna gücü yetməz. Gələcək baxımından da yetəcəyi imkansız görünür.
Son olaraq Rusiyanın məsələsinə gəlincə isə, Rusiya üçün də heç də Ermənistanla tamamilə bu qədər burun-buruna gəlmək asan məsələ deyil. Çünki Rusiyanın Cənubi Qafqazdakı əsas dayağı Ermənistandır. Onun üçün də Cənubi Qafqazda Ermənistanı itirmək Rusiyanın regionda mövqelərinin kifayət qədər sarsılmasına səbəb ola bilər. Eyni zamanda Rusiya Ukrayna cəbhəsində savaşı davam etdirir. Beləcə də bir sıra münaqişə zonalarında təsir imkanlarını qorumağa çalışır. Bunun fonunda Ermənistanla təbii ki, münasibətləri korlamağa çalışmaz. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, Avropa İttifaqının mülki müşahidə missiyası da hazırda Ermənistanda fəaliyyətini davam etdirir və ona görə də Ermənistanla bağlı kəskin addımları atması rəsmi İrəvanı müəyyən qədər Qərbin qucağına atması mənasına gələ bilər. Onun üçün də təbii ki, ehtiyatla davranır, eyni zamanda Ermənistana da öz mesajlarını verib, öz təsir dairəsində İrəvanı saxlamağa davam edir”.

Günel Elxan