Trampın yeni planı: Hörmüz ABŞ ərazisi olacaq? Gündəm

Trampın yeni planı: Hörmüz ABŞ ərazisi olacaq?

ABŞ-İran arasında gərginliyin davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlaması vəziyyəti daha da kəskinləşdirib. Tramp Hörmüz boğazını yaxın vaxtlarda ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti vurğulayıb ki, bu qərar ABŞ İranı tamamilə məğlub etdikdən sonra veriləcək.
Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək planı nə dərəcədə real ola bilər?
“Xalq Cəbhəsi” sual ətrafında millət vəkilləri, politoloqların fikirlərini öyrənib.

“Trampın bəyanatlarını dünya ictimaiyyəti ciddi qəbul etmir”

Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib ki, ABŞ Prezidentinin “Hörmüz boğazını ABŞ-nin ərazisi elan edəcəyəm” bəyanatı böyük ajiotaja səbəb olub: “Ancaq aydın məsələdir ki, Trampın son bəyanatlarını artıq dünya ictimaiyyəti ciddi şəkildə qəbul etmir. Çünki vaxtı ilə Tramp Qrenlandiyanı Amerika ərazisi, Kanadanı Amerikanın 51-ci ştatı, Panama kanalını ABŞ-nin növbəti ərazisi elan edəcəyi kimi bəyanatlar səsləndirirdi. Bu bəyanatı isə daha çox noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilərinin yaxınlaşması ilə əlaqədar ABŞ-nin İran və Hörmüz boğazı məsələsində istədiyi nəticəni əldə edə bilməməsini cəmiyyətdə ajiotaj yaradacaq bəyanatlarla kompensasiya etmək cəhdi təsiri bağışlayır”.

“Hörmüz boğazında tankerlər vurulur”

Deputat əlavə edib ki, İran tərəfi artıq Hörmüz boğazının yenidən bağlı olduğunu bəyan edir: “Hər gün demək olar ki, Hörmüz boğazında tankerlər vurulur, bu az deyilmiş kimi husilər artıq demək olar ki, Bab-əl-Məndəb boğazını bağlayıblar, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil edilir. Eləcə də husilər Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən tanınmış hökumətinə qarşı hücumlar təşkil etməyə başlayıblar. Yəni biz burada, əksinə, İranın bu konfiqurasiyadan daha çox güclü çıxdığını görürük”.

Populist bəyanat

T.Gəncəliyevin sözlərinə görə, Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə bir yerdə pakt imzalaması da göstərir ki, region ölkələri artıq öz təhlükəsizlikləri haqqında düşünməyə başlayıblar: “Ona görə də fikrimcə, Trampın bu bəyanatı daha çox populist bəyanata bənzəyir. Aydın məsələdir ki, Hörmüz boğazı ətrafında vəziyyət hələ qeyri-müəyyəndir, nə İran məğlub olub, nə Hörmüz boğazı. Ona görə də belə bir bəyanat səsləndirmək daha çox daxili auditoriyaya və beynəlxalq ictimaiyyətin bir növ məmnun edilməsinə yönəldilib”.

“Bu, real görünmür”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə fikrinə ərazi iddiasından daha çox regiondakı güc balansını dəyişdirmək cəhdi kimi yanaşmaq olar: “Hörmüz dünya enerji daşımalarının ən strateji nöqtələrindən biridir və burada əsas məsələ boğazın hüquqi olaraq kimə məxsus olması deyil, onun təhlükəsizliyinə və gəmiçilik rejiminə kimin daha çox təsir göstərə bilməsidir. ABŞ-nin boğazı öz ərazisinə qatması beynəlxalq hüquq baxımından real görünmür, lakin Vaşinqtonun hərbi-siyasi üstünlüyünü artıraraq burada faktiki əsas gücə çevrilməsi mümkündür. Bu ritorika eyni zamanda İranın illərdir Qərbə qarşı istifadə etdiyi Hörmüz kartını zəiflətmək məqsədi daşıyır. Yəni Trampın bəyanatında real görünən məqam sərhədlərin dəyişməsi deyil, İranın boğaz üzərindəki strateji təsir imkanlarının məhdudlaşdırılması və ABŞ-nin Körfəzdə çəkindirmə imkanlarının gücləndirilməsidir”.

“Hörmüzün statusu Vaşinqtonun qərarı ilə dəyişdirilə bilməz”

Siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə açıqlamasını hüquqi baxımdan real ərazi iddiasından daha çox, İrana qarşı siyasi və hərbi təzyiq mesajı kimi qiymətləndirmək lazımdır: “Tramp həqiqətən də avqustun 14-də belə bir bəyanat verib, lakin Hörmüzün coğrafi və hüquqi statusu Vaşinqtonun birtərəfli qərarı ilə dəyişdirilə bilməz. Boğaz İran və Oman arasında yerləşir, onun suları bu sahilyanı dövlətlərin suveren hüquqları ilə bağlıdır və beynəlxalq gəmiçilik üçün strateji keçid hesab olunur. ABŞ-nin bölgədə hərbi üstünlük əldə etməsi və ya boğazda faktiki nəzarəti gücləndirməsi həmin ərazinin ABŞ suverenliyinə keçməsi demək deyil. Buna görə də Trampın sözlərinin beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi son dərəcə qeyri-real görünür”.

Bəyanatın geosiyasi mənası

A.Nəsirovun sözlərinə görə, bəyanatın geosiyasi mənası kifayət qədər ciddidir: “ABŞ son dövrdə Hörmüz ətrafında hərbi mövcudluğunu və İran üzərində təzyiqini artırıb, Tramp isə daha əvvəl Vaşinqtonun boğaz üzərində “tam nəzarətə” malik olduğunu da iddia etmişdi. Bu baxımdan “ABŞ ərazisi” ifadəsi İranın Hörmüz üzərində dominantlıq iddiasına qarşı maksimumist siyasi mesaj və gələcək danışıqlarda mövqeləri sərtləşdirən vasitə kimi görünür”.

İranla qarşıdurma dərinləşə bilər

Siyasi şərhçi əlavə edib ki, üstəlik, belə bir addımın praktik müstəviyə keçirilməsinə cəhd İranla qarşıdurmanı daha da dərinləşdirə, Oman və digər Körfəz ölkələrinin etirazına səbəb ola və enerji daşımalarının təhlükəsizliyini ciddi şəkildə poza bilər: “Ona görə də əsas məsələ Hörmüzün həqiqətən ABŞ ərazisinə çevrilməsi deyil, Vaşinqtonun boğazın təhlükəsizliyi və gəmiçilik rejimi üzərində nə dərəcədə faktiki nəzarət qurmağa çalışacağıdır”.

Röya İsrafilova