Qiymətlər artır İqtisadiyyat

Qiymətlər artır

2026-cı ilin yanvar-iyun aylarında inflyasiya tempi hədəf daxilində olub. İllik inflyasiya (2026-cı ilin iyun ayı 2025-ci ilin iyun ayına nisbətən) 5,8 faiz, orta illik inflyasiya (2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına nisbətən) 5,7 faiz səviyyəsində qərarlaşıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Hesabat dövründə orta illik ərzaq qiymətlərində 6,6 faizlik, qeyri-ərzaq qiymətləri üzrə 3,9 faizlik, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faizlik artım qeydə alınıb. Dövr ərzində Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti inflyasiyanın hədəflənən intervalda saxlanılmasına xidmət etmişdir. 2025-ci ilin dekabr ayında 6,75 faiz səviyyəsində müəyyənləşdirilən uçot dərəcəsi cari ilin may ayında 0,25 faiz-bənd azaldılaraq 6,5 faiz müəyyən edilib, iyul ayında qəbul edilmiş qərar əsasında isə uçot dərəcəsi dəyişməz saxlanılıb. Qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, daxili maliyyə bazarında gedən proseslər, makroiqtisadi vəziyyət, valyuta bazarında sabitlik kimi amillər əsas götürülməklə qəbul edilib.
AR Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından uzun düyü, makaron məmulatları, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, süfrə marqarini, limon, albalı, gilas, ərik, ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunun qiymətləri bahalaşıb. Banan, alma, armud, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən sabit qalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. İyul ayında əvvəlki ayla müqayisədə boya, minik avtomobilləri üçün ehtiyat hissələri və mühərrik yağlarının qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,4 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə mənzillərin kirayə haqları, ölkədaxili istirahət turları, kafe və restoranlar tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Göründüyü kimi ilin əvvəlindən ölkədə qiymətlərdə artım müşahidə edilir. İnfilyasiya və qiymət artımları dünya ərzaq bazarında da müşahidə edilir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatlarına görə, son istilər və enerji qiymətlərinin dinamikası dənli bitkilər, bitki yağları və şəkər qiymətlərini artırdığı üçün dünya ərzaq qiymətləri də 2026-cı ilin iyul ayında yüksəlib. Qlobal ticarət edilən ərzaq səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymət İndeksi 2026-cı ilin iyul ayında orta hesabla 131,1 bal təşkil edib ki, bu da iyun ayı səviyyəsindən 0,6 faiz, bir il əvvəlki səviyyədən isə 1 faiz yüksəkdir.
FAO Taxıl Qiymət İndeksi iyun ayı ilə müqayisədə 3,4 faiz artaraq may ayındakı enişi geridə qoyaraq 2025-ci ilin iyul səviyyəsindən 6,9 faiz yuxarı olub. Qara dəniz ixrac axınlarında davam edən fasilələr və son istilərin bir neçə əsas istehsalçı ölkədə məhsuldarlığa ehtimal olunan təsiri ilə bağlı artan narahatlıqlar fonunda qlobal buğda qiymətləri 5,8 faiz artıb. Dünya üzrə qarğıdalı qiymətləri 3,6 faiz artıb. Bu, Amerika Birləşmiş Ştatlarının bəzi yerlərində isti və quru hava şəraiti ilə bağlı narahatlıqlar və artan geosiyasi gərginlik fonunda enerji bazarlarının daha da möhkəmlənməsinin təsirləri ilə dəstəklənir. FAO-nun Bütün Düyü Qiymət İndeksi 2026-cı ilin iyul ayında ümumilikdə sabit qalıb.
FAO Bitki Yağı Qiymət İndeksi iyun ayından bəri 2 faiz artaraq 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb. İndoneziyanın biodizel sektorunun möhkəm tələbi və xam neftin daha yüksək qiymətləri ilə dəstəklənən palma yağının beynəlxalq kotirovkaları artıb, dünya üzrə soya yağının qiymətləri isə Amerika Birləşmiş Ştatlarında davamlı olaraq güclü xammal tələbatı və qiymət rəqabətinin artması fonunda qlobal idxal tələbatının artması fonunda artıb. Qlobal günəbaxan və raps yağının qiymətləri aşağı düşüb.
FAO Ət Qiymət İndeksi iyun ayında rekord səviyyədən 2,8 faiz zəifləyib və bu il ilk aylıq azalmasını qeydə alıb. Beynəlxalq quş əti qiymətləri əsasən Braziliyada ixrac tədarükünün bolluğu fonunda kotirovkaların aşağı düşməsi, donuz əti kotirovkalarının isə Avropa Birliyində bol tədarük və qlobal tələbatın azalması fonunda aşağı düşməsi səbəbindən azalıb. Dünya üzrə mal-qara ətinin qiymətləri də Asiyadan idxal tələbatının zəifləməsini əks etdirərək azalıb, qoyun ətinin qiymətləri isə Okeaniyada ixrac olunan məhsulların davamlı olaraq məhdudlaşması ilə yeni rekord səviyyəyə yüksəlib.
FAO Süd Məhsulları Qiymət İndeksi iyul ayında 0,7 faiz azalıb, yağla yanaşı, tam və yağsız süd tozlarının qiymətləri də düşüb. Beynəlxalq ticarət olunan pendirin qiymətləri bir ildə ilk dəfə artıb, çünki Avropa Birliyində mövsümi süd tədarükünün azalması Okeaniyada davam edən qiymət enişlərini və bol ixrac tədarükünü, Amerika Birləşmiş Ştatlarından rəqabətin güclənməsini kompensasiya edib.
FAO Şəkər Qiymət İndeksi iyul ayında 5,6 faiz artıb. Bu, əsasən Avropa Birliyində davamlı isti və quru hava şəraitinin məhsuldarlığa və El-Ninyo ilə əlaqəli hava şəraitinin Asiyanın əsas istehsalçı ölkələrində istehsal perspektivlərinə potensial təsirləri ilə bağlı narahatlıqlar səbəbindən baş verib.
Hazırkı bahalaşmanın arxasında bir neçə əsas amil dayanır. İlk növbədə, iqlim dəyişiklikləri və ekstremal hava hadisələri kənd təsərrüfatı istehsalına ciddi təsir göstərir. İsti hava dalğaları, quraqlıq və məhsuldarlığın azalması buğda, qarğıdalı və digər strateji məhsulların qiymətlərini yüksəldir.
İkinci mühüm amil geosiyasi gərginlik və logistika problemləridir. Qara dəniz regionunda müharibə və Yaxın Şərqdəki qarşıdurmalar taxıl ixracı marşrutlarına, enerji bazarlarına və nəqliyyat xərclərinə təzyiq göstərir. FAO da geosiyasi risklərin ərzaq bazarlarında yeni bahalaşma dalğası yarada biləcəyi barədə xəbərdarlıq edir.
Üçüncü amil enerji və gübrə qiymətləridir. Neft və qazın bahalaşması kənd təsərrüfatı texnikasının, suvarmanın, emal və daşınmanın xərclərini artırmaqla yanaşı, gübrə istehsalına da təsir edir. Nəticədə istehsalçıların xərcləri yüksəlir və bu artım müəyyən zaman gecikməsi ilə istehlakçı qiymətlərinə ötürülür. FAO bu təsirlərin ərzaq qiymətlərində xüsusilə növbəti aylarda daha aydın görünə biləcəyini bildirir.
Bu proses Azərbaycan üçün də risklər yaradır. Ölkədə ərzaq məhsullarının müəyyən hissəsi idxal hesabına təmin edilir. Buna görə dünya bazarında taxıl, bitki yağları, şəkər, yem və digər kənd təsərrüfatı məhsullarının bahalaşması daxili bazara da təsir göstərə bilər. Təsadüfi deyil ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda ərzaq inflyasiyası müşahidə edilir.
Belə şəraitdə Azərbaycanda yerli ərzaq istehsalı və aqrar emal sahələri genişləndirilməlidir. Taxıl, yağlı bitkilər, meyvə-tərəvəz, heyvandarlıq və yem istehsalının artırılması, suvarma sistemlərinin müasirləşdirilməsi, aqrar logistikanın inkişafı və fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.
Bundan əlavə, ərzaq qiymətlərinə valyuta məzənnələri və beynəlxalq ticarət siyasəti də təsir edir. İdxalçı ölkələrin milli valyutalarının zəifləməsi xaricdən alınan məhsulların, xammalın və kənd təsərrüfatı resurslarının maya dəyərini yüksəldir. Eyni zamanda bəzi ölkələrin ixrac məhdudiyyətləri tətbiq etməsi qlobal təklifin azalmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. FAO-nun son məlumatları göstərir ki, 2026-cı ilin iyulunda dünya ərzaq qiymətləri indeksinin artımında xüsusilə taxıl, bitki yağları və şəkərin bahalaşması mühüm rol oynayıb.
Qlobal ərzaq bazarındakı son tendensiyalar göstərir ki, ərzaq təhlükəsizliyi artıq yalnız kənd təsərrüfatının problemi deyil, milli iqtisadi təhlükəsizlik məsələsidir. Azərbaycanın uzunmüddətli strategiyası daxili istehsalın artırılması ilə yanaşı, strateji ərzaq ehtiyatlarının və regional təchizat zəncirlərinin gücləndirilməsinə yönəlməlidir. Digər mühüm məsələ idxal qiymətlərinin daxili bazara ötürülməsinin məhdudlaşdırılmasıdır...
Mahir Həmzəoğlu