“İsrail Azərbaycanın mühüm hərbi müttəfiqidir” Siyasət

“İsrail Azərbaycanın mühüm hərbi müttəfiqidir”

İqal Levin: "Azərbaycan uzunmüddətli müharibə aparmaq üçün Ermənistandan daha güclüdür"

"Ermənistanın əvvəlki kimi köhnə hava hücumundan müdafiə silahlarından istifadə etdiyi halda Azərbaycan müasir İsrail sistemləri, məsələn "Spyder"ə malikdir. Bəli, Ermənistanda bir neçə S-300 sistemi var, lakin onlar Azərbaycanda da var".
Bu barədə "Ordu"portalına israilli hərbi analitik, peşəkar hərbçi, Üsyan Hərəkatlarının Tədqiqatı Mərkəzinin həmtəsisçisi İqal Levin bildirib.
Onun sözlərinə görə, İsrail hazırda həm quru qoşunları, həm də HDQ və HHQ üçün taktiki olaraq istənilən sistemləri istehsal edir.
"İsrail əsas diqqəti "ağıllı" silahlara – robotlaşdırılmış və RƏM sistemlərinə, - raket əleyhinə müdafiə sistemlərinə yönəldir. Bu sistemlərdən ən məşhuru bu yaxınlarda hazırlanan və uğurla döyüşlərdə sınaqdan keçirilən "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemidir. Böyük olmayan sistemlərdən isə "Meil Ruah" və ya rusların dediyi kimi, "Vetrovka" zirehli texnikanın aktiv müdafiə sistemini qeyd etmək olar. İsrail həmçinin "Gələcəyin əsgəri" konsepsiyası üçün individual elektron avadanlıqlar hazırlayır. Bu, döyüş sahəsində əldə olunan bütün məlumatların yığılmasına yönəldilən əsgər "smartfon"u olacaq", - deyə Levin bildirib.
Analitik qeyd edib ki, "Dəmir Qübbə"nin effektivliyinə misal olaraq Qəzza sektorundan Tel-Əviv istiqamətində buraxılan "yer-yer" tipli raketin atılmasını nümunə göstərmək olar.
"Bu sistemin TTX-sı barədə təəssüf ki, məlumat verə bilmərəm, çünki bu mövzuda səlahiyyətim yoxdur. Bildiyim qədərilə, Azərbaycan və İsrail arasında bu sistemlərin təchizatı barədə müqavilə 2013-cü ildə imzalanıb və artıq bu sistemlər Azərbaycan Ordusunun tərkibində var.
Əgər rəqib "yer-yer" raketləri istifadə edərsə, "Dəmir Qübbə" Azərbaycanın mövqelərini möhkəmləndirə bilər. Həmçinin aşağı yüksəklikdən uçan hədəflər, məsələn dronlara qarşı da bu sistemləri tətbiq etmək mümkündür. Hazırda dronların inkişafı və hər kəsin "yer-yer" tipli raketlərlə yanaşı onlara sahib olmaq istəyi ilə paralel şəkildə "Dəmir Qübbə"nin imkanları özünü doğruldub və etibarlı müdafiə sistemi qismində çıxış edə bilər. Yalnız xatırlamaq vacibdir ki, bu, müdafiə sistemidir", - deyə Levin qeyd edib.
Analitikin sözlərinə görə, söhbət Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin gücündən gedərkən Ermənistanın KTMT üzvü olduğu və onun əsas hərbi müttəfiqinin Rusiya olmasını xatırlamaq vacibdir.
"Sirr deyil ki, İsrail Azərbaycanın mühüm hərbi müttəfiqidir. Xüsusən də hava hücumundan müdafiə sahəsində. Əgər Azərbaycan NATO və İsraillə sıx əməkdaşlığını davam etdirsə, öz Silahlı Qüvvələrinin maddi-texniki bazasını daha da yaxşılaşdıracaq. İki blok – NATO və KTMT-nin potensialı müqayisəedilməzdir. Türkiyə və İsrailin hərbi təcrübəsi də unikaldır və Rusiyanın hərbi təcrübəsini bir baş üstələyir. Axı məhz bu ölkələr Azərbaycanın əsas müttəfiqləridirlər.
Azərbaycanın uzunmüttədli müharibə aparmaq üçün gücü Ermənistandan çoxdur. Azərbaycan arxa cəbhənin tələbatlarının təmin edilməsi üçün qüvvələrin yarısının saxlanmasına yol verə bilər, Ermənistan isə praktiki olaraq hər kəsi tüfəng önünə çıxarmaq məcburiyyətində qalacaq", - deyə Levin vurğulayıb.