“İcra başçıları insanları dinləmir...” Siyasət

“İcra başçıları insanları dinləmir...”

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı açıqladığı siyahı diqqətləri cəlb edib.
Süleyman İsmayılov bildirib ki, daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbayel, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalıb. İl ərzində də adları açıqlanan bu rayon icra hakimiyyətləri ilə bağlı mətbuatda elə də ciddi şikayətlər işıqlandırılmayıb.
Rəsmi məlumatda il ərzində bölgələr üzrə icra və bələdiyyələrlə bağlı daxil olmuş müraciətlərin 33,2 faizinin şikayətlərlə bağlı olduğu bildirilib. Ən çox şikayət isə Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala rayonları bələdiyyə və icra hakimiyyəti orqanları ilə bağlıdır.
Yada salaq ki, Prezident İlham Əliyev də 2017-ci ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində icra başçılarına onlardan şikayətlər gəldiyi barədə xəbərdarlıq etmiş, müəyyən tapşırıqlar vermişdi. Prezident həmçinin bunun üçün icra oranlarına ötən ilin 15 dekabr tarixinə kimi vaxt da qoymuşdu. Prezidentin qoyduğu vaxt ərzində Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev və Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov vəzifələrindən azad edildi.
Millət vəkili Vahid Əhmədov bildirib ki, Prezident Adminstrasiyasının yaydığı bu məlumatla bağlı çox geniş izahat verilib.
Deputat təcrübəsindən çıxış edərək bildirib ki, açıqlanan rəqəmlər gördüyü mənzərəyə tam uyğundur: "Bir millət vəkili olaraq bölgədə vətəndaşlarla hər ay qəbul keçirirəm. Hər dəfə də təxminən 50-100 arası adam qəbul edirəm. Süleyman İsmayılovun açıqladığı rəqəmlərə baxanda da görünür ki, bu rəqəmlər vəziyyətə çox uyğundur. Doğrudan da şikayətlərin hansı rayonda nə qədər olması, hansı sahələri əhatə etməsi və s. bunların bir qismi bizim qəbul keçirdiyimiz sahələrlə üst-üstə düşür".
Vahid Əhmədov bildirib ki, belə bir analizin aparılması, mətbuatda yayılması çox böyük əhəmiyyət kəsb edir:
"Süleyman İsmayılova öz təşəkkürümü bildirirəm ki, geniş izahat verib. Biz də öz mövqeyimizlə əlaqədar olaraq həmin materiallardan istifadə edirik. Çünki bəzi yerlərdə şikayətlər azalsa da, digər bölgələrdə şikayətlər çoxalır".
Deputatın sözlərinə görə, İlham Əliyev ilin yekunları ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək:
"2017-ci ilin iyun ayında prezident icra hakimiyyətlərinə fəaliyyətlərinin normallaşdırılması və ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı xəbərdarlıq etmişdi. Süleyman müəllimin açıqlaması da onu göstərir ki, cənab İlham Əliyev ilin yekunları ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək. Bölgələrdən şikayətlər həddən artıq çoxdur. İcra hakimiyyətləri tərəfindən insanlar qəbul edilmir, şikayətləri təmin olunmur. Ona görə də ölkə başçısının bu sahədəki problemlərin aradan qaldırılması üçün bəzi qərarlar verilməsi gözlənilir".