Moskva İrəvana hər zaman diqqət göstərir Siyasət

Moskva İrəvana hər zaman diqqət göstərir

Azərbaycan Ermənistanın hazırkı təlaşını və bu fonda Rusiyadan yeni silahlar almasını diqqət mərkəzində saxlayır.
Bu sözləri Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazırlaşması haqda danışarkən politoloq Tofiq Abbasov deyib. Politoloq Rusiyanın müttəfiqinə sözügedən sistemləri verməsini mümkün sayıb:
"Baxmayaraq ki, hər iki dövlət KTMT-nin üzvüdür, Ermənistanla Rusiya arasında ikitərəfli müttəfiqlik müqaviləsi var. Rusiyanın Ermənistanda böyük siyasi-hərbi maraqları olduğundan Moskva İrəvana hər zaman diqqət göstərir və yardım edir. Düzdür, Azərbaycanın da bu sarıdan Rusiya ilə müvafiq razılaşması var. Ancaq Azərbaycan və Ermənistan arasında davam edən hərbi münaqişə vəziyyəti mürəkkəbləşdirir. Bir halda ki, Ermənistana strateji əhəmiyyətli silahlar verilir, onda Rusiya beynəlmiləl razılaşmalar və müqavilələr əsasında Azərbaycanla Ermənistan arasındakı balansı pozmamalıdır. Moskvanın bununla bağlı öhdəliyi var".
Politoloq qeyd edib ki, Ermənistan nə qədər çalışsa da, bu sahədə ölkəmizi üstələyə bilməyəcək:
"Azərbaycan Ermənistanın hazırkı təlaşını və bu fonda Rusiyadan yeni silahlar almasını diqqət mərkəzində saxlayır. Hazırda hərbi potensial imkanlarına görə Azərbaycan düşməni ən azı üç dəfə üstələyir. Bu da ondan xəbər verir ki, Azərbaycanın hərbi siyasi konsepsiyası ilə bağlı prezidentin təsdiqlədiyi sənəd ölkənin hərbi sahədə gedişlərini, inkişafını, ordu quruculuğunu və müdafiə potensialının möhkəmlənməsini reqlamentləşdirir. Ona görə də Ermənistanın Rusiyadan TOR sistemləri alması müqabilində Bakı öz hazırlıqlarını görəcək. Buna heç bir şübhə yoxdur və ola da bilməz. Bu, Azərbaycan üçün əlçatmaz məsələ deyil".
Qeyd edək ki, erməni mətbuatı Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazır olması haqqında xəbərlər yayıb.
TOR haqqında dünən parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan da danışıb. Deputatların bu sistemlərin əldə olunması haqqında razılığın nə zaman imzalanacağı ilə bağlı sualına Paşinyan "bu məlumat məxfidir" cavabını verib.