Lavrovun səfəri nəticəsiz qaldı Siyasət

Lavrovun səfəri nəticəsiz qaldı

Kreml Azərbaycandan çox şey istəyir, amma heç nə vermək istəmir

Cavid

Rusiya XİN başçısı Sergey Lavrovun gözlənilən və böyük rezonansa səbəb olan Bakı səfəri artıq başa çatıb. Səfər çərçivəsində Bakıda prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirilib. Görüşlər zamanı əsas müzakirə mövzuları ikitərəfli əməkdaşlıq və inteqrasiya, regional təhlükəsizlik, Xəzər dənizinin hüquqi statusu, Qarabağ məsələləri olub. Eyni zamanda ikitərəfli maraq kəsb edən digər mövzularda Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.
Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin NATO-nun Bakıda keçirilən seminarında anti-Qərb çıxışları ictimaiyyətdə müxtəlif fikirlər formalaşdırıb. Hesab olunurdu ki, Azərbaycan Qərbə qarşı sərt çıxışının nəticəsi olaraq, Rusiya ilə yaxınlaşacaq. Hətta bəzi ekspertlər belə güman etdilər ki, Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər etdiyi gün rəsmi olaraq Moskva ilə yaxınlaşdığını açıqlayacaq.
Lavrovun Bakı səfəri öncəsi ermənilərin Azərbaycan-Rusiya yaxınlaşmasından əndişələnməsi də açıqca sezilirdi. Artıq uzun müddətdir ki, mətbuatda, xüsusi ilə də erməni mətbuatında Rusiya - Azərbaycan yaxınlaşması haqda məlumatlar yayılır. Düşmən mətbuatında həyəcanla yayılan informasiyalarda Rusiyanın Ermənistanı tək qoyduğu və Qarabağ məsələsində Azərbaycana güzəştə gedə biləcəyi bildirilir. Elə Azərbaycanda da, Lavrovun səfəri zamanı konkret nəticələr əldə olunacağına inanlar az deyildi.
Məsələn, bir müddət öncə, bu haqda daha çox optimist proqnozları ilə yadda qalan politoloq Qabil Hüseynli açıqlamasında Azərbaycan və Rusiyanın Qarabağ məsələsində yeni bir mərhələyə qədəm qoyduqlarını bildirib. Politoloqun fikirincə, Ukrayna problemindən sonra, dalana dirənən Rusiyanın Azərbaycan kimi bölgədə öz potensialı olan bir ölkəyə ehtiyacı var. Onun dediyinə görə, Rusiya Qarabağ probleminin həlli istiqamətində Azərbaycana ciddi yardım edəcəyi təqdirdə, ölkəmiz Avrasiya İttifaqına da qoşula bilər. Azərbaycanın əsas müttəfiqi Qərbin bu məsələdə mövqeyinə gəlincə, politoloq ölkəmizin müstəqil siyasət yürütdüyünü və milli maraqlardan çıxış etməli olduğunu deyib.
Görünən odur ki, Qarabağ məsələsinin həlli istiqamətində ciddi proseslər gedir. Elə dünən Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstanda verdiyi bəyanat da diqqətdən qaçmamalıdır: "Qarabağ probleminin həlli yaxın zamanlarda mümkün olacaq".
Politoloq Qabil Hüseynli hesab edib ki, bu gün Rusiya ilə Azərbaycan arasında, eləcə də Lavrovun Bakı səfərinin mərkəzində birinci yerdə Dağlıq Qarabağ probleminin həlli, ikinci yerdə isə Azərbaycanın Avrasiya İttifaqına daxil olması məsələsi dayanır. Politoloq hesab edib ki, Azərbaycan o şərtlər daxilində Rusiyanın təkliflərini qəbul edə bilər ki, onun ərazi bütövlüyü təmin edilsin.
"İşğal edilmiş 7 rayon və o cümlədən Dağlıq Qarabağ erməni qoşunlarından azad olunmaqla, 1988-ci ildəki status-kvo bərpa edilməlidir. Azərbaycan Rusiyanın arzularına yalnız bu şərtlər daxilində müsbət reaksiya verə bilər. Yox, əgər yenə də müəyyən dekonstruktiv təkliflər, yaxud vədlər olacaqsa, bu məsələləri uzada bilər. Rusiya Azərbaycanda özünə qarşı etimad yaradacaq nümunələr göstərəndən sonra, Azərbaycandan cavab addımları gəzləməlidir. Yəni burada Azərbaycanın Avrasiya Birliyinə daxil olması məsələsi həqiqətən də müzakirə obyekti deyil. Hələ ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi və bu məsələlər ətrafında müzakirələr aparılacaq, paralel olaraq Rusiya ilə iqtisadi məsələlərin inkişaf etdirilməsini müzakirə edəcəyik. Qəbələdə keçiriləcək biznes-forumda Azərbaycanın Rusiya iqtisadiyyatının inkişafı üçün yatıra biləcəyi sərmayələr və o sərmayələrin şərtləri, Rusiyanın biznes strukturlarının Azərbaycandakı fəaliyyəti və sair məsələlər də iki dövlət müzakirə obyektidir".
Onun sözlərinə görə, bu səfərlər iki dövlətin əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətinə aparır: "Amma burada ciddi səmimiyyət və hər iki tərərfin maraqlarını təmin edən addımların atılması lazımdır. Əks halda bu addımların müsbət nəticələri olmayacaq".
Politoloq əlaqələrin yüksələn xətt üzrə inkişafı prosesində Rusiyanın Azərbaycanın xeyrinə ola biləcək bir sıra addımlar atmasını mümkün hesab edib. Politoloq hesab edib ki, Rusiya Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun işğaldan azad edilməsi, oradan erməni qoşunlarının çıxarımasını həll edə bilər. Dağlıq Qarabağın statusunu Azərbycanla müzakirə edərək, ona Azərbaycanın ərazi bütövlüyü daxilində indiyədək görünməmiş status verə bilər. Rusiya bu səlahiyyətlərin təminatçısı kimi də iştirak edə bilər. Rusiya Azərbaycanın siyasi çəkisini lazımınca qiymətləndirməyi bacararsa, bu addımlar ilk atılmalıdır. Eyni zamanada Rusiya 7 rayonun qaytarılması məsələsində ilk addımı atacaqsa, bu məsələdə vədlər verən ABŞ-ı da qabaqalamış olacaq və Azərbaycan daha çox yaxınaşacaq".
Politoloq Vəfa Quluzadə isə bildirib ki, Lavrovun Bakıda etdiyi çıxış bütün planları alt-üst etdi: "Lavrovun sözündən belə çıxdı ki, Dağlıq Qarabağ probleminin həllinə Rusiya qarışmayacaq. Problem nə zaman öz həllini tapacaqsa, tapsın. Lavrov bura Azərbaycanı Avrasiya və Gömrük İttifaqına daxil olmağa məcbur etməyə gəlib. Rusiya öz tələblərini irəli sürdüyü halda Azərbaycanın Dağlıq Qarabağla bağlı ortaya qoyduğu şərtlərə əməl etmək istəmir. Təbii ki, belə olan halda Azərbaycan da adıçəkilən ittifaqlara qoşulmayacaq".
Politoloq bildirib ki, Ermənistan rəsmisinin son zamanlar Azərbaycana qarşı sərt bəyanatlarlar verməsinin də arxasında Rusiya dayanır: "Erməni nümayəndəsi deyib ki, Azərbaycanı Kür çayına kimi işğal edəcəyik. Bu Rusiyanın bir zamanlar Azərbaycanı hədələyərkən işlətdiyi cümlədir. Vaxtilə Rusiyanın Minsk qrupundakı həmsədri olan Vladimir Kazimirov bizə qarşı səslənmişdi ki, özünüzü yaxşı aparın, yoxsa sizi gəlib Kürə qədər işğal edərik. Gedişat göstərir ki, bundan sonra da Azərbaycanla Rusiya arasında indikindən fərqli heç bir münasibət olmayacaq".
Politoloq Fikrət Sadıqov isə deyib ki, həm təbii ehtiyatlarına, həm də strateji-coğrafi mövqeyinə görə, Azərbaycan həmişə Rusiyanın diqqət mərkəzində dayanıb:
"Moskva rəsmiləri bizi Avrasiya İttifaqına cəlb etmək fikrindədirlər. Onlar bu fikri dəfələrlə səsləndiriblər. Lavrovla baş nazirin müavini Roqozin də elə həmin məqsədlə bura gəlirlər. Əlbəttə, Dağlıq Qarabağ problemi, beynəlxalq münasibətlər də müzakirə olunur. Bizi harasa cəlb etmək fikrinin qarşılığında biz də öz şərtlərimizi irəli sürə bilərik. Rusiya Minsk qrupunun həmsədridir, Ermənistanın yaxın hərbi-siyasi müttəfiqidir. Rusiyanın mövqeyindən, Ermənistana təzyiqindən, müəyyən diplomatik addımlardan çox şey asılıdır".