“Bu əməliyyat ordumuzun qüdrətini göstərir“ Siyasət

“Bu əməliyyat ordumuzun qüdrətini göstərir“

1992-ci ildən işğal altında olan Şərur rayonunun Günnüt kəndinin azad olunması ordumuzun Naxçıvanda apardığı ilk uğurlu əməliyyat deyil. 2016-cı ildə Sədərək istiqamətində 7 min hektar ərazimiz də ordumuz tərəfindən geri qaytarılmışdı.
Bu sözləri 6 saylı Culfa - Babək Seçki Dairəsindən deputatı Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun apardığı bu əməliyyatlar ordumuzun qüdrətini göstərir: "Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar Ali Baş Komandanımızın apardığı uğurlu və düzgün siyasətin, ordumuzun əzmkarlığının nəticəsidir. Bu gün bizim hamımızın ən ağrılı yerimiz torpaqlarımızın işğal altında olması faktıdır. Ona görə düşməndən geri alınan hər qarış torpağa görə hədsiz sevinc hissi keçirirəm. Əminik ki, ordumuzun qüdrəti ilə işğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunacaq. Artıq Günnüt kəndinə yolların çəkilməsi işlərinə başlanılması üçün göstərişlər verilib. Tezliklə kəndin bərpasına da başlanılacaq. Özüm bu xəbəri Naxçıvanda yenicə yaranmış xəbər agentliyindən aldım. Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri və Günnüt kəndindən köçmüş sakinlər birlikdə kəndə gedib Quran oxudublar".
Ülviyyə Həmzəyeva vurğulayıb ki, Naxçıvanda həqiqətən bayram ab-havası hökm sürür: "Hətta sevincini kəndi azad etmiş qəhrəman əskərlərimizlə bölüşmək istəyən yerli sakinlər ön xəttə yollanıblar. Mən özüm də Günnütə səfər edəcəyəm. Fikrimcə, hər birimiz bizim üçün müqəddəs və əziz olan, illərdir həsrətini çəkdiyimiz torpaqlara səfər etmək arzusu ilə yaşamalıyıq. Bu arzunu reallaşdırmaq imkanını bizə bu gün bəxş edən ordumuza və ölkə rəhbərliyinə sonsuz minnətdarıq".
Rəssam millət vəkili qələbəni öz əsərlərində təcəssüm etdirəcəyini də qeyd edib: "Ümumiyyətlə, əsərlərimdə milliliyimizi, qədimliyimizi, vətənpərvərliyimizi hər zaman tərənnüm etməyə çalışıram. Düşünürəm ki, erməni vandallarının Günnüt kəndini necə viran qoyduqlarını göstərmək üçün kəndin hazırkı və bərpasından sonrakı vəziyyətini kətana köçürərək, gələcək nəsillərə ötürməliyik".