AAC Brüsseldə seminar təşkil edib Siyasət

AAC Brüsseldə seminar təşkil edib

Azərbaycanlı diplomatlar və gənc mütəxəssislər bir araya gətirilib

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Brüsselin diplomatik sektorunda yerləşən ofisində seminar təşkil olunub.
AAC-dan APA-ya verilən məlumata görə, tədbiri keçirməkdə məqsəd Avropa Parlamentində çalışan istedadlı azərbaycanlı tələbələri və gənc mütəxəssisləri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti barədə məlumatlandırmaq olub.
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin başçısı, fövqəladə və səlahiyyətli səfir Fuad İsgəndərov seminar iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sisteminin yenidən qurulması məsələsinin aktuallığı fonunda, həmçinin Azərbaycan qazının Avropaya daşınmasını nəzərdə tutan 45 milyard dollarlıq layihələrin həyata keçirilməsini nəzərə alaraq Azərbaycanın əhəmiyyəti əvvəlki zamanlarda olduğundan daha da artıb. O qeyd edib ki, bu yaxınlarda Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakıya baş tutmuş səfəri Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətindən xəbər verir.
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Avropa İttifaqındakı səfiri Arif Məmmədov azərbaycanlı tələbələrin Avropa institutlarında təcrübə keçməsini yüksək dəyərləndirərək, gələcəkdə onların Azərbaycan üçün böyük fayda verə biləcəyindən söz açıb. Səfir qeyd edib ki, Azərbaycanın böyük planları var və onlar da bunun bir hissəsidir.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbər müavini, konsul Hüseyn Hüseynov vurğulayıb ki, Azərbaycan-NATO münasibətləri yüksək səviyyədədir və 28 üzv dövlətin hər biri Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir. Konsulun sözlərinə görə, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
AAC-ın Belçikadakı Nümayəndəliyinin rəhbəri Roman Huna AAC-ın qapılarının Brüsseldə təcrübə keçən və ya işləyən azərbaycanlıların üzünə hər zaman açıq olduğunu bildirib: "Bütün azərbaycanlılar fəxr etməlidirlər ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaş olmaqda doğru seçim edib. Mən sizi bununla fəxr etməyə və bu dəyərləri təbliğ etməyə çağırıram".
Seminarda qeyd olunub ki, Bakı-Brüssel münasibətləri yüksələn xətt üzrə inkişaf edir, Azərbaycanın Avropa üçün aktuallığı yuxarı trayektoriya üzrə gedir. Azərbaycan bir çox Avropa institutlarının bərabərhüquqlu üzvdür və onlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçib.