“Ermənistanın yeganə xilas yolu sülh istiqamətində atılan addımlardır” Siyasət

“Ermənistanın yeganə xilas yolu sülh istiqamətində atılan addımlardır”

"Ümumiyyətlə əmin deyiləm ki, Ermənistan hakimiyyəti uzunmüddətli bir hakimiyyət olacaq". Bunu millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi Parad isə ilk növbədə Azərbaycanda qüdrətli Silahlı Qüvvələrin yaranmasının nümayişi idi: "Bu onu göstərir ki, Azərbaycan dövləti öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə qadirdir. Hesab edirəm ki, Hərbi Paradın keçirilməsinin də əsas məqsədi bundan ibarət idi. O ki qaldı Ermənistan hakimiyyətinə və oradakı hadisələrin hansı istiqamətdə inkişaf etməyinə, düşünürəm ki, Ermənistanın yeganə xilas yolu sülh istiqamətində atılan addımlardır. Əks halda Ermənistan müstəqil dövlət kimi özünü qoruyub saxlaya bilməyəcək". A.Mollazadə əlavə edib ki, Paşinyan rejiminin olub-olmaması sual altındadır: "Rusiya Ermənistanı özünün ərazisi kimi görür. Düşünmürəm ki, Rusiya Ermənistanın müstəqil bir dövlətə çevrilməsinə imkan verməyəcək".