ATƏT PA-nın Bakı bəyannaməsi qəbul olundu Siyasət

ATƏT PA-nın Bakı bəyannaməsi qəbul olundu

Azərbaycan bəyannamənin 4 bəndinə etiraz etdi

Dünən ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının Bakı bəyannaməsi qəbul edilib. Bəyannamədə qeyd olunur ki, ATƏT regionunda uzanmış münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliləyişin sülh yolu ilə və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir.
Bəyannamədə həmçinin ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.
Bundan əlavə, sənəddə münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.
Bəyannamədə həmçinin kiber-müharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur.
ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının vacibliyi vurğulanır.
Bəyannamədə həmçinin terrorizm və radikalizmlə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır.
Həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habelə terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.
Bundan əlavə, bəyannamədə ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırır.
Həmçinin bəyannamə ATƏT-ə üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin Konvensiyalarına uyğunlaşdırmağa çağırır.
Bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılır. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.
Bakı bəyannamədə ATƏT Əfqanstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ATƏT regionunda ərzaq təhlükəsizliyi, imiqirasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə toxunulur.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti PA-nın Bakı bəyannaməsinin 4 bəndinə öz etirazını bildirib. Hümayəndə heyətinin rəhbəri Bahar Muradova bəyannamədəki 137, 138, 139 və 140-cı bəndlərlə bağlı mövqeyini diqqətə çatdırıb.
Bahar Muradova qeyd edib ki, 137-ci bənddə hərtərəfli, effektli və uzunmüddətli mandat ifadəsi işlənir və bunun altında hansı mənaların dayanması aydın deyil: "Bununla bağlı biz mövqeyimizi ifadə etmişdik. Bununla belə bu bənd qətnaməyə daxil edilib və biz aydın olmadığı üçün bunun əleyhinə çıxış edirik".
Onun sözlərinə görə, 138-ci bənddə qeyd olunur ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda missiyaların mandatı ilə bağlı məsələyə baxması üçün Daimi Şura çağırılır: "Mən PA iştirakçılarını məlumatlandırmaq istəyirəm ki, bir il bundan əvvəl Azərbaycanla ATƏT-in Nazirlər Şurası arasında danışıqlar gedib və biz də bilirik ki, missiyaların statusu iki tərəf arasında gedən danışıqlara əsasən müəyyənləşdirilir. Biz bu müddət ərzində Bakıdakı missiyanın fəaliyyətinin Azərbaycana çox böyük töhfələr verdiyini vurğulamaqla yanaşı, artıq Azərbaycanın inkişafının elə bir səviyyədə olduğuna əsaslanmışıq ki, bu gün ATƏT-in Bakıdakı missiyasının layihə koordinatoru səviyyəsində olmasının Azərbaycanla əməkdaşlığı qane etdiyini söyləmişik. Bunu da qarşı tərəf qəbul edib və artıq Nazirlər Şurasının layihə koordinatorluğunun yaradılması ilə bağlı qərarı var, koordinatorluq işinə başlayıb və bu koordinatorluğun işi ilə bağlı müsbət fikirlər ortadadır. Hesab edirəm ki, bu məsələnin bir daha sorğulanması doğru deyil və ona görə də biz bu bəndin əleyhinəyik".
139-cu bəndə gəlincə isə, Milli Məclisin vitse-spikeri qeyd edib ki, burada konkret şəxsdən söhbət gedir: "Əlbəttə ki, biz, Azərbaycan demokratik cəmiyyəti olaraq vətəndaş cəmiyyətinin güclü olmasının tərəfdarıyıq, bunun üçün bir çox nailiyyətlərimiz var. Ancaq konkret şəxslərin, iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərin həbslərinin siyasiləşdirilməsinə qarşıyıq və məsələnin bir nəfərin üzərində mərkəzləşdirilməsinin əleyhinəyik. Biz ATƏT regionunda ayrı-ayrı şəxslərin alətə çevrilməsinin əleyhinəyik".
140-cı bəndə münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu bənd 138-ci bənddə qeyd olunan məsələyə yenidən toxunur. Qeyd edək ki, 139-cu bənd hüquq müdafiəçisi Anar Məmmədlinin işinə yenidən baxılması ilə bağlıdır.
Qeyd edək ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyası dünən başa çatıb.
TURQUT