“Diplomatlara “yol xəritəsi” təqdim olunub” Siyasət

“Diplomatlara “yol xəritəsi” təqdim olunub”

Xələf Xələfov: "Gələcək iki illik fəaliyyətimizdə bu "yol xəritəsini" əsas götürəcəyik"

"Prezident İlham Əliyevin Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı əsas prioritet istiqamətlər bir daha qeyd olundu". "Trend"in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.
X.Xələfov bildirib ki, dövlət başçısı çıxışında birinci Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər salındı, qarşıda duran vəzifələr, hədəflər müəyyən olundu: "Azərbaycan diplomatlarına bir "yol xəritəsi" təqdim olundu ki, biz gələcək iki illik fəaliyyətimizdə bu "yol xəritəsini" əsas götürərək diplomatik fəaliyyətimizi və Azərbaycanın beynəlxalq arenada qarşısına qoyduğu hədəflərə nail olmaq üçün səyləri davam etdirək".
Hazir müavini jurnalistlərə Xəzərin hüquqi statusu ilə bağlı yaranmış vəziyyətdən danışıb: "Vəziyyət belədir ki, bu proses dinamik şəkildə inkişaf edir. Bakı sammitindən sonra növbəti sammitin bu ilin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılır. Bu istiqamətdə bir çox hazırlıq işləri aparılıb".
Nazir müavininin sözlərinə görə, mayda Xəzərin statusuna dair keçirilən nazirlər konfansında bəzi məsələlərdə irəliləyişlər oldu: "Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu işini davam etdirəcək. Bizim avqust ayının sonuna növbəti Moskva görüşümüz nəzərdə tutulub. Ondan sonra ola bilsin ki, Həştərxanda da bilavasitə sammitdən öncə görüş oldu. Əsas məsələ ondan ibarətdir ki, prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılmalıdır. Orada bir çox prinsipial məqamların öz həllini tapması nəzərdə tutulub. Eyni zamanda, bəzi istiqamətlərə aid saziş layihələrinin razılaşdırılması başa çatdırılmalı və sammitə imzalanması üçün təqdim olunmalıdır".