“Türkiyə ilə münasibətlərin pozulması...” Siyasət

“Türkiyə ilə münasibətlərin pozulması...”

Zaur Məmmədov: “ABŞ-ın Yaxın Şərqdəki geosiyasi maraqlarına cavab vermir”

“Türkiyə ilə münasibətlərin pozulması ABŞ-ın Yaxın Şərqdəki geosiyasi maraqlarına cavab vermir. Bu, eyni zamanda Rusiya ilə gərgin münasibətlər fonunda da Vaşinqtona sərf etmir”. Bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. Ekspertin fikrincə ABŞ yaxşı başa düşür ki, Türkiyə Yaxın Şərqin açarı rolunu oynayır: “Türkiyənin bu bölgədə yerləşən dövlətlərə təsiri və gücü hər kəsə məlumdur. ABŞ və digər Qərb ölkələri Türkiyə olmadan Yaxın Şərq regionunda heç bir uğur qazana bilməz. Liviya, Suriya və İraqda baş verən geosiyasi hadisələri buna nümunə göstərmək olar.
Digər yandan, ötən əsr boyu Türkiyənin bölgədə Rusiyaya qarşı çəkindirici faktor olması da ABŞ və ya Qərbə məlumdur. Lakin son zamanlarda, xüsusən də Barak Obama dönəmindən ABŞ Türkiyəyə qarşı qeyri-sağlam münasibət sərgilməyə başladı. Türkiyə isə ABŞ-dan hava hücumundan müdafiə sistemləri almaq istəyirdi, amma təəssüflər olsun ki, Vaşinqton istədiyini Ankaraya vermədi. Halbuki Türkiyənin cənub sərhədlərində “Patriot” sistemləri yerləşdirilmişdi, amma NATO Türkiyənin bundan PKK və PYD/YPG terror təşkilatlarına qarşı istifadə etməsinə icazə vermədi. Bu vəziyyətdə Türkiyənin seçimi yox idi və buna görə də Rusiyaya müraciət etdi. Nəticədə də S-400 sistemlərinin alınması ilə bağlı Rusiya və Türkiyə arasında anlaşma əldə olundu. Bundan sonra Amerikanın Türkiyəyə qarşı daha sərt davaranacağı gözlənilirdi. Buna adekvat olaraq, Türkiyə, Çin və Rusiya arasında təmaslar sıxlaşdı. İndiki vəziyyətdə isə belə bir yaxınlaşma bütün istiqamətlərdə Vaşinqton üçün məğlubiyyət demək olardı”.
O həmçinin əlavə edib ki, İran-İsrail və İran-ABŞ münasibətlərinin gərginləşdiyi bir dövrdə Türkiyəni öz tərəflərinə çəkmək lazımdır: “Məlumdur ki, İran və Türkiyənin geosiyasi maraqları üst-üstə düşmürdü. Lakin bu iki ölkə Rusiyanın vasitəçiliyi ilə Suriya və İraqda ortaq dil tapa bilir. Əlbəttə, ABŞ-a görə İranla gərginliyin artdığı bir dövrdə Türkiyəni bu cəbhədən kənarda saxlamaq lazımdır. Buna görə də yaxın gələcəkdə ABŞ-Türkiyə münasibətlərinin isinməsinin şahidi olacağıq. Bu, Türkiyənin ABŞ-a yox, ABŞ-ın Türkiyəyə yaxınlaşması ilə müşayiət olunacaq. Çünki bu münasibətlərin isinməsində ABŞ daha çox maraqlıdır. İrandakı dini-siyasi hakimiyyət ənənəvi hücum taktikasını davam etdirir. Onlar üçün qarşılarında ABŞ, İsrail və ya Səudiyyə Ərəbistanının olmasının fərqi yoxdur. Bu kimi rejimlərin başqa cür davranmasına imkanı da yoxdur. Yəni, müharibə ehtimalı yüksək olsa da, hesab edirəm ki, İran və İsaril, yaxud İran və ABŞ arasında belə bir savaş baş verməyəcək. Çünki hər iki tərəf müasir silahlarla təchiz olunmuş güclü ordusu olan ölkələr sırasındadır. İndiki vəziyyətdə belə dövlətlərin açıq savaşa getməsi mümkün deyil. Onlar daha çox üçüncü ölkənin ərazilərində bir-birinə qarşı mübarizə aparır, bu siyasi və hərbi mübarizə də ola bilər.
Digər yandan, Con Boltonun istefasından sonra ABŞ-İran münasibətlərinin bir qədər yumşalacağı gözlənilir. Zənnimcə, yaxın vaxtlarda tərəflər arasında gizli danışıqlar başlayacaq, bu danışıqların da əsas məğzi yeni nüvə anlaşmasının imzalanmasından ibarət olacaq. Bu proses də müəyyən vaxt aparacaq, çünki ABŞ yeni anlaşmasında İrandan nüvə proqramından imtina etməsini istəyəcək, amma İranın bununla bağlı fikirləri tamam fərqlidir”.