“İrəvani dağıdarıq” Siyasət

“İrəvani dağıdarıq”

Müdafiə Nazirliyi: "Ermənistan istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtını yerlə yeksan etmək əmrini icra etməyə hazıdır"

Ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni silahlı bölmələri dünən gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib.
Müdafiə Naziriyindən verilən məlumatda qeyd olunur ki, belə bir hadisə baş verərsə Silahlı Qüvvələrin cavabı dərhal və layiqli olacaq: "Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.
Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.
Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır".
Qeyd edək ki, srağagün Ermənistan hökumətinin iclası zamanı müdafiə naziri Seyran Ohanyan çıxışında Azərbaycanı Mingəçevir Su Anbarını vurmaqla hədələyib.
Məlumat üçün bildirək ki, srağagün cəbhə xəttinin Tovuz istiqamətində erməni kəşfiyyat-diversiya qrupunun bir neçə nəfər itki verərək geri çəkilməsi İrəvanda növbəti çaşqınlıq yaradıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qazax və Tovuzla üzbəüz yerləşən Tavuş vilayətinə gəlib.
Xatırladaq ki, srağagün sərhədi bu istiqamətdə keçmək istəyən 4 erməni diversant məhv edilib, Karen Petrosyan adlı təxribatçı isə ələ keçirilib. Onun telefonunun yaddaşından silah-sursat fotoları və komandirlərinin telefon nömrələri aşkarlanıb.
Ağdam cəbhəsində də atəşkəsi pozan və təxribatlar törətməyə cəhd göstərən düşmənə layiqli cavab verilir.
"Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar". Bunu cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərə cəbhənin Ağdam istiqamətindəki hərbi hissələrdən birinin zabiti deyib.
Onun sözlərinə görə, son günlər erməni tərəfinin təşvişi müşahidə olunur: "Erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atəşi kəsin" deyə yalvarırlar".
Zabit bildirib ki, atışma əsasən gecə saatlarında - saat 1:00-6:00 arasında olur: "Düşmənin bütün hücum və təxribatlarının qarşısı alınır. Düşmən tərəfi böyük itki versə də, onları gizlədir, düşmən tərəfində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş texnikalar müşahidə olunur".
Digər gizir və zabitlər bildiriblər ki, onlarda ruh yüksəkliyi var, döyüş əzmindədirlər və Ali Baş Komandanın əmrini gözləyirlər.
Onların sözlərinə görə, düşmən o qədər qorxuya düşüb ki, güllələri kor-təbii atırlar.
Qeyd edək ki, Müdafiə Nazirliyi media və ictimiaiyyət nümayəndələrinin cəbhə bölgəsinə səfərini təşkil edib.
Bir qrup jurnalist və 30-yaxın qeyri-hökumət təşkilatının nümayəndələri cəbhənin Füzuli-Beyləqan istiqamətindəki hərbi hissələrdə, eləcə də ön xətdə olublar. Məqsəd cəbhə xəttində baş verən hadisələrlə yerindəcə tanış olmaq və ordumuza dəstək vermək olub.
Yüksək rütbəli hərbçilər tərəfindən onlara bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin bütün hərəkəti nəzarət altındadır, erməni silahlı bölmələrin təxribat xarakterli hücumlarının qarşısı bütünlüklə alınır.
Onu da əlavə edək ki, Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov da Bərdədə yerləşən "N" saylı hərbi hissəndə olub və burada xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlayıb. O, mətbuata açıqlamasında hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə olduğunu deyib.
Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.