“Türkiyə bu əməliyyatlara başlamaqla qarşısına qoyduğu məqsədlərə çatacaq” Siyasət

“Türkiyə bu əməliyyatlara başlamaqla qarşısına qoyduğu məqsədlərə çatacaq”

“Türkiyə çoxdan haqlı olaraq nail olmaq istədiyi bir məqsədinə çatır. Türkiyə öz cənub sərhədlərində təhlükəsizliyi təmin etmək üçün bütün hüquqlara malikdir”. Bunu politoloq Elşad Mirbəşiroğlu Türkiyənin Suriya ərazisində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı haqqında danışarkən deyib. Politoloq qeyd edib ki, real olaraq həqiqətən də Türkiyənin cənub sərhədlərində YPG və PYD tərəfindən təhlükə mövcud idi: “Bu təhlükənin aradan qaldırılması bütövlükdə Türkiyənin təhlükəsizliyinin təmin olunması baxımından çox vacib idi. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırda Türkiyənin ərazisində 4 milyona qədər suriyalı qaçqın yerləşməkdədir. Bu qaçqınların Türkiyə tərəfindən təkbaşına saxlanılması ölkə iqtisadiyyatına çox böyük yükdür. Türkiyənin cənub sərhədləri boyunca yaradılacaq təhlükəsizlik zonalarında həmin o qaçqınların yerləşdirilməsi ideyası baş tutarsa, bu, Türkiyənin daxili və iqtisadi sisteminin sabitləşməsində ciddi rol oynayacaq. Bütün bunların fonunda hesab edirəm ki, heç nəyə baxmayaraq Türkiyə bu məsələdə haqlıdır. Məsələnin görünən tərəfi odur ki, Türkiyə bu əməliyyatlara başlamaqla qarşısına qoyduğu məqsədlərə çatacaq və birdəfəlik cənub sərhədləri boyunca təhlükəsizliyi təmin edəcək, təhlükəsiz zona yaratmağa müvəffəq olacaq”.