MSK Gəncədə regional seminar-müşavirə keçirib Siyasət

MSK Gəncədə regional seminar-müşavirə keçirib

Gəncədə qarışdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına əsasən, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda regional seminar-müşavirə keçirilib.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Rahib Nəbizadə, Gəncə Apelyasiya Məhkəməsin sədri Tapdıq Mahmudov, MSK-nın üzvü Fuad Cavadov və 26 region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edib. Seminar-müşavirənin məqsədi seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılmasına, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsinə və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına nail olmaqdır.
Tədbirin gündəliyinə uyğun olaraq, açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Gəncə Apelyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib və çıxışlar dinlənilib. MSK-nın üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi gerçəkləşdirilən seminar-müşavirələrin Gəncədən sonra noyabrın 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulub.