“Xalq İranın yürütdüyü xarici siyasəti pisləyir” Siyasət
Politoloq: “ABŞ-ın proseslərə yardım göstərməsi, dəstək verməsi İrandakı hadisələri qorxulu edir
İranda etiraz aksiyaları geniş vüsət alıb. Hökumətin benizini bahalaşdırma qərarına etiraz edən xalq küçələrə çıxaraq nümayişlərə start verib. Etiraz aksiyalarında kənar təsirlər ehtimalı, eyni zamanda, iğtişaşların Gnüy Azərbaycan bölgələrinə necə təsir edəcəyi də müzakirə edilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İrana kənardan müdaxilə edilməsə də, amma aksiyalara siyasi dəstək veriləcək. Politoloq baş verənləri proqnozlaşdırmağın çətin olduğunu qeyd edib: “Çünki İranda zaman-zaman belə etirazlar olur, amma budəfəki nümayişlər fərqlidir. Az qala ölkənin bütün şəhərləri benzinin bahalaşmasına etiraz olaraq ayağa qalxıb. Amma benzinin qiymətləri qalxmaya bilməzdi. İran sanksiyalara görə neftini sata bilmir, ölkə iqtisadiyyatı ağır vəziyyətdədir, hakimiyyətin sosial yükü isə çoxdur, haradansa pul tapmalıdır.
İyul ayında İrandaydım, oradakı ağır vəziyyəti özüm də müşahidə etmişəm. Orada olanda bəzi yerli ekspertlərə də bildirdim ki, qiymətlər qalxacaq, onlar isə etiraz edib dedilər ki, buna imkan verməyəcəklər. Əlbəttə, bahalaşma labüd idi, əgər ölkə sanksiyalarla üzləşibsə, əsas gəlir mənbəyi olan nefti sata bilmirsə, qiymətləri qaldırmağa məcbur idilər. İranda ən ucuz şey benzin idi, sudan ucuzdu. Artıq görürük ki, benzinin bahalaşması onlarla şəhərdə etirazlara səbəb olub.
Bu etirazların uzun və ya qısa çəkəcəyini proqnozlaşdıra bilmirəm, amma fakt budur ki, İranda iqtisadi gərginlik davam edəcək. Sosial problemləri də həll edə bilmirlər. Ölkə əhalisinin sayı 80 milyona yaxındır, yəni sosial yük çox böyükdür, kasıb ailələrə 100-105 dollar civarında yardım edilir. Əgər büdcədə pul azdırsa və kəsir yaranıbsa, bu pulu haradan tapacaqlar? Düşünürəm ki, vəziyyət bu cür davam edəcəksə, biz zaman-zaman İranda belə təlatümlərin şahidi olacağıq. Məndə olan məlumata görə, artıq etirazlarda 20 nəfər öldürülüb, polislərdən də həyatını itirənlər var”.
Elxan Şahinoğlu deyib ki, indiki məqamda bu, siyasi aksiya deyil, iqtisadi-sosial xarakterli aksiyadır, amma İranda zaman-zaman siyasi etirazlar olub: “Ötən il də bir çox şəhərlərdə siyasi nümayişlər keçirilmişdi. İndi isə insanlar ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz edirlər. İqtisadi problemlər həllini tapmasa, bu aksiyalar başqa forma ala bilər. İndiki məqamda isə bu iqtisadi problemlərin həll ediləcəyini düşünmürəm”.
O, həmçinin əlavə edib ki, kimsə İrana kənardan müdaxilə edə bilməz, amma aksiyalara siyasi dəstək veriləcək: “Amerika burada birinci yerdə dayanır. Digər yandan, İranda çox sayda millətlər yaşayır, bu ölkə vahid bir orqanizm deyil. Bu faktor gərginliyin qızışdırılması üçün qığılcım ola bilər. İranı özünə rəqib hesab edən dövlətlərin bundan bir fürsət kimi istifadə etməsi mümkündür. Ola bilsin ki, İrandakı bu təlatüm Qərbin, o cümlədən Tehranı özünə rəqib sayan bir sıra ərəb dövlətlərinin maraq dairəsindədir. Amma mümkündür ki, bu təlatümün də hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən hesablasınlar. Çünki bura qədər İraq və Suriyada nə baş verdiyini hər kəs gördü. İran isə nə Suriya, nə də İraqa oxşayır, bu gərginliyin ağır nəticələri ola bilər. Yəni, İran sıradan bir dövlət deyil.
Əlbəttə, təlatüm davam etdikcə, bəzi dövlətlər şirniklənəcək ki, bu gərginlikdən İran rejiminə qarşı istifadə etsin. Belə hallar istisna deyil”.
Ekspert əlavə edib ki, Livan və İraqda baş verənlər müəyyən suallar yaradır: “Bu ölkələrdəki etiraz aksiyalarında səsləndirilən şüarlar sosial xarakterlidir. Livanda işsizlik var, insanlar işsizliyin əleyhinə küçələrə axışıb, amma sonradan “Hizbullah“ əleyhinə şüarlar səsləndirildi ki, bu təşkilat İranın müttəfiqidir.
Eyni hal İraqda təkrarlandı, bu ölkədə də işsizlik və yoxsulluğa etiraz edən insanlar küçələrə töküldü, yüzə yaxın insan qətlə yetirildi, etirazlar hələ də davam edir. Üstəgəl, Kərbəla şəhərində İran konsulluğunun yandırılmasına cəhdlər olundu və Tehran əleyhinə şüarlar səsləndirilir. Baş verənlər sanki bu proseslərin arxasında siyasi məqsədlərin dayandığı ehtimalını yaradır. Sanki İranı bölgədən sıxışdırıb çıxarmağa, başqa dövlətlərin daxili işlərinə qarışmasının qarşısını almağa çalışırlar.
Əlbəttə, İran hökuməti benzinin qiymətini qaldıranda bilirdi ki, buna etirazlar olacaq. Sadəcə olaraq, İraq və Livanda gedən proseslərin İrana sıçrayacağı faktorundan məlum siyasi mərkəzlər İran hökumətinin həm bölgədə, həm də daxildə nüfuzunu zəiflətmək üçün istifadə edə bilər”.
Politoloq Qabil Hüseynli bildirb ki, İranda hadisələr ciddi istiqamətə doğru gedir: “Son iki ildə İranda bir neçə dəfə kütləvi aksiya keçirilib. Miqyasına və əzəmətliliyinə görə son günlərdə baş verən hadisələr əvvəlkilərdən fərqlənir. Bunun səbəb isə odur ki, əvvəl baş verən hadisələrdə Cənubi azərbaycanlılar bu prosesə qatılmırdılar, amma indi Təbriz başda olmaqla, Ərdəbil, Urmiya və Həmədandan olan azərbaycanlılar aksiyalara dəstək verdi”.
Politoloqun sözlərinə görə, İranın iqtisadiyyatı demək olar çökmək üzrədir: “İstehsal sahələri istehsalı xeyli məhdudlaşdırıb, iş yerləri ixtisara düşüb, işsizlərin sayı artıb, tümənin inflyasiyası sürətlənib. Nəticə etibarı ilə ölkədə əhalinin maddi rifahında kəskin geriləmə başlayıb. Ona görə də vəziyyətin düzəldilməsinin perspektivləri görünmür”.
Q.Hüseynli əlavə edib ki, xalqın ayağa qalxması ölkəyə ABŞ sanksiyaları gətirən rejimi hakimiyyətdən uzaqlaşdırmaq deməkdir: “Xomeyninin üzüyünün yandırılması bunu aydın surətdə göstərir. Xalq İranın yürütdüyü xarici siyasəti xüsusilə tənqid edir. ABŞ-ın proseslərə yardım göstərməsi, dəstək verməsi İrandakı hadisələri qorxulu edir. Bu perspektivdə hadisələr ciddi hakimiyyət böhranı ilə nəticələnə bilər”.
Siyasi ekspert Nazim Cəfərsoy bildirib ki, İranda kütləvi iğtişaşların növbəti dalğası başlayıb. Onun sözlərinə görə, İran kimi daxildə xalq ilə xüsusən də onun gənc və milli həssasiyyəti yüksək olan geniş təbəqələri ilə ciddi problemləri olan, xaricdə isə beynəlxalq sistemin əsas aktyoru ilə böhran yaşayan bir siyasi rejimin bu cür proseslər yaşaması əsla sürpriz deyil: “Bu proseslərin Azərbaycanı əlaqədar edən iki mühüm tərəfi var.
Əvvəla, bu proseslərin Cənubi Azərbaycan türklərinə təsiri və faydasına diqqət etməliyik. Çunki tarix göstərib ki, İranda Təbrizin içində olmadığı bir dəyişiklik heç bir zaman uğurla nəticələnməyib. Ancaq tarix həm də bu dəyişikliklərə qarşı olan rejimin ən güclü zərbələrini öz üzərində hiss edən Təbriz və ümumilikdə Cənubi Azərbaycan türklərinin prosesin sonundan ən az faydalanan və hətda zərər görən olduğunu da göstərməkdədir.
İkincisi, İran Azərbaycanın qonşusudur. Orada baş verən bütün proseslər Azərbaycanın dövlət və cəmiyyət olaraq diqqətlə izləməsi vacib bir məqamdır...
Hərbi ekspert Azad İsazadə ABŞ-ın bu aksiyaları siyasiləşdirməyə çalışdığını bildirib: “ABŞ belə bəyanatlar verməsəydi, İrandakı hadislərdən istifadə edə bilərdi. Amma belə bəyanatlar verməklə İran hakimiyyətinin əlinə əsas verir ki, aksiyaların arxasında biz dayanırıq. Buna həmişə çox ehtiyatla yanaşmaq lazımdır. Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki adətən hansısa xarici dövlətin təsiri altında aksiyalar təşkil ediləndə onlar bu barədə susurlar. İndiki məqamda ABŞ belə bəyanat verməklə aksiyaları siyasiləşdirməyə çalışır. Bununla da İran hökumətinə fürsət verirlər və onlar da aksiyaları polis gücüylə yatırtmağa çalışırlar. Artıq aksiyalarda xeyli insanın öldüyü bildirilir”.