Xocalı Soyqırımı Meksika mediasının diqqət mərkəzində Siyasət

Xocalı Soyqırımı Meksika mediasının diqqət mərkəzində

Meksikanın ən çox oxunan ingilisdilli "Pulse News Mexico" qəzetində jurnalist Tereza Marqolisin Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı "Soyqırımını anarkən" adlı məqaləsi dərc olunub.
Məqalədə 26 fevral tarixində müasir tarixin ən dəhşətli və ən faciəvi soyqırımlarından birinin 28-ci ildönümünün qeyd olunduğu bildirilir. Müasir tarix kitablarında bu soyqırımı haqqında kifayət qədər məlumat olmasa da, bütün bir kəndin amansızcasına yer üzündən silinməsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacağı qeyd olunur. Müəllif bəzi soyqırımların dünya ictimaiyyəti tərəfindən tanınıb qınanıldığına baxmayaraq, digərlərinin layiq olduğu qədər işıqlandırılmadığını təəssüf hissi ilə qeyd edir və həmin soyqırımlardan birinin 1992-ci ildə Xocalıda baş verdiyini oxuyucuların diqqətinə çatdırır.
Məqalədə həmçinin, Meksikanın dünyada Xocalı Soyqırımını tanıyan ölkələr sırasında olduğu qeyd olunur. 28 il bundan öncə erməni hərbi qoşunlarının Azərbaycan ərazisini işğal etdiyi və bütün kəndin yerlə yeksan olunduğu diqqətə çatdırılır. Eyni zamanda Xocalı Soyqırımı barədə ətraflı məlumatlar təqdim olunur. Erməni işğalçıları tərəfindən zülmə məruz qalan silahsız insanlardan bəzilərinin xüsusi qəddarlıqla qətlə yetirildikləri qeyd edilir.
Məqalədə habelə beynəlxalq ictimaiyyətin Xocalı Soyqırımını qınayan bəyanatlar yaydığı, "Human Rights Watch" kimi beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən pisləndiyi və BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul edildiyi qeyd olunur.
Müəllif dünya ictimaiyyətinin qısa müddət ərzində Xocalı dəhşətlərini pislədiyinə baxmayaraq, indi bu soyqırıma lazımi diqqət yetirilmədiyini təəssüf hissi ilə qeyd edir.
Xocalı əhalisinə qarşı törədilən cinayətlərin bütün bəşəriyyətə qarşı edilən cinayət adlandıran müəllif, ermənilərin niyyətinin açıq şəkildə Xocalı kəndini və onun əhalisini yer üzündən silmək olduğunu qeyd edir.
Müəllif hər il Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən Xocalı şəhidlərinin xatirəsinə mərasimin təşkil edilməsinə baxmayaraq, bunun Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən buna daha çox diqqət ayrıla biləcəyini xüsusilə vurğulayır.
Müəllif məqalədə dünya ictimaiyyətinə səslənərək deyir: "Xocalıda törətdikləri vəhşiliklərə görə Ermənistanın məsuliyyətə cəlb olunması üçün dünya ictimaiyyəti öz qəti mövqeyini bildirməlidir. Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasındakı mövcud münaqişə öz həllini tapa bilər".
Azərbaycanın 20 faiz ərazisinin hələ də Ermənistanın işğalı altında olduğunu qeyd edən müəllif, işğal nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü oxuyucuların diqqətinə çatdırır.
Qeyd edək ki, Meksikanın "El Arsenal" və "El Mundo Para Ti" xəbər portallarında da jurnalist Sofia Salinasın Xocalı Soyqırımı ilə bağlı geniş məqalələri dərc olunub.