Azərbaycan və Ermənistan prezidentləri görüşüblər Siyasət

Azərbaycan və Ermənistan prezidentləri görüşüblər

ABŞ Dövlət Departamenti: "Con Kerri Azərbaycan və Ermənistan prezidentlərini sülh üçün səyləri artırmağa çağırıb"

Sentyabrın 4-də Uelsdə NATO sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ dövlət katibi Con Kerri arasında üçtərəfli görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilmiş görüşü barədə açıqlama yayıb.
ABŞ Dövlət Departamentinin saytında yer alan məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib: "Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə, dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb".
Məlumatda vurğulanıb ki, C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə həvəsləndirib: "Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək".
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də "Tvitter"də görüş barədə yazıb. O, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağla bağlı məhsuldar danışıqlar apardığını qeyd edib: "Biz kömək etməyə hazırıq".
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb: "Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi. Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərdə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü".
N.Məmmədov qeyd edib ki, münaqişənin Azərbaycan sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu görüşdə bir daha vurğulayıb.