Əsrin müqaviləsi - 20 il Siyasət

Əsrin müqaviləsi - 20 il

Aydın Hüseynov: "Çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb"
Vüqar Bayramov: "Əsrin müqaviləsi" nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı"

Sentyabrın 20-si Azərbaycanın müstəqilliyinin təminatçısı rolunu oynayan "Əsrin müqaviləsi"nin imzalanmasının 20 ili tamam olur. "Əsrin müqaviləsi"nin iqtisadi və siyasi əhəmiyyəti ilə bağlı ekspertlərlə danışdıq.
Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov
bildirdi ki, 20 il əvvəl dünya geosiyasi məkanında "Əsrin müqaviləsi" ilə uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycanın həyata keçirdiyi milli enerji siyasəti, enerji diplomatiyası ilk növbədə, respublikamızın təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb, dünyanın enerji xəritəsini dəyişib. Onun sözlərinə görə, 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" beynəlxalq sazişi imzalanmaqla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu və sonrakı mərhələdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açıldı.
İqtisadçı hesab edir ki, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın milli gəlirlərinin artması, neft gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayıb: "Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 54 milyard dollardan artıqdır, onun təxminən 40 milyard dolları Neft Fondunun vəsaitləridir. Azərbaycan hökuməti neft gəlirlərinin xərclənməsini ölkənin inkişafı üçün prioritet hesab edir və bu sahədə şəffaflığın təmin edilməsini başlıca məqsədlərdən sayır. Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi neft vəsaitləri hesabına həyata keçirilir. Bundan başqa, neft vəsaitlərinin böyük bir hissəsi qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına, təhsil və səhiyyə bölmələrində bir sıra layihələrin maliyələşdirilməsinə yönəldilir".
İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd etdi ki, bu müqavilə Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi: "Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi müsbət təsirlər göstərdi. "Əsrin müqaviləsi" ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla, xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə belə onun ölkə iqtisadiyyatının digər sahələrinə və işsizlik kimi sosial problemlərə müsbət mənada təsiri böyük oldu. Beləliklə, 1994-cü ildən başlayaraq, Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və "Əsrin müqaviləsi" nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq, tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11.8% kiçilmişdisə, 1995-ci ildə 1.3% artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə "Bakı-Tiflis-Ceyhan" (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. Ümumiyyətlə isə "Əsrin müqaviləsi" ilə start verilən iqtisadi böyümənin dinamikasını aşağıdakı cədvəl vasitəsilə daha dolğun təsəvvür etmək olar".
Onun sözlərinə görə, enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyyatının sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub: "Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Post-sovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyyatının digər sektorlarına da kütləvi investisiya axını başlandı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çokmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-nin artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə, sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar qeyri-neft ÜDM-nin də inkişafını stimullaşdırdı. Beləliklə də 2000-ci ildə 3 milyard manat olan qeyri-neft ÜDM 2013-cü ilədək təxminən 11 dəfə artaraq 32.6 milyard manata çatıb. Diqqətçəkən məqamlardan biri isə ondan ibarətdir ki, əgər 2010-cu ilədək ölkə iqtisadiyyatında artım yüksələn neft hasilatının fonunda baş verirdisə, artıq 2011-ci ildən etibarən neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektoru sürətlə böyüməkdə və ÜDM-in artımı davam etməkdədir. Bu isə ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində son dövrlərdə aparılan islahatların səmərəliliyinin göstəricisidir. Ümumilikdə isə 2000-ci illə müqayisədə 2013-cü ildə bu sektor 11 dəfə artıb. Bu isə ölkədə dayanıqlı iqtisadi inkişafın əsas göstəricilərindən hesab edilə bilər".
Onun dediyinə görə, neft gəlirlərinin də qatqısı ilə baş vermiş iqtisadi sıçrayış sosial rifahın yüksəlişinə-yoxsulluğun azaldılması, əhalinin gəlirlərinin artımı kimi sahələrdə irəliləyişə səbəb olub: "Bu müddət ərzində işsizliyin səviyyəsi 11.8% (1999-cu il üçün 514 min nəfər) 5%-dək (2013-cü il 236.6 min məfər) azalıb. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində faktiki məşğul əhalinin sayı 1995-ci illə müqayisədə 25% və yaxud 908 min nəfər artaraq 4521.2 min nəfərə çatıb. Yeni iş yerlərinin yaradılması ilə yanaşı, ötən 20 il ərzində ölkədə orta aylıq əməkhaqqı təxminən 34 dəfə artaraq 1995-ci ildə 12.5 manat olduğu halda 2014-cü ildə 440 manat çatıb. Burada "Əsrin müqaviləsi"nin payı olduqca böyükdür. Belə demək mümkünsə mayası məhz bu əfsanəvi müqavilə üzərində qoyulub".
Vüqar Bayramov əlavə edib ki, 1995-ci ildən etibarən ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət gəlirlərinin artımını təmin edən əsas faktorlardan biri hesab edilir: "Bu müddət ərzində büdcə gəlirləri 62, büdcə xərcləri isə 45 dəfə artıb. Beləliklə, 1994-cü ildə büdcə gəlirləri 79.1 milyon manat olduğu halda 2013-cü ildə 19496.3 milyon manat, büdcə xərcləri isə 1994-cü ildə 117.5 milyon manat olduğu halda 2013-cü ildə 19143.5 milyon manat olub. Bundan başqa, 1994-cü ildə dövlət büdcəsi ümumi gəlirlərinin 48%-i həcmində kəsirlə icra olunduğu halda 2013-cü ildə müvafiq göstərici 1.8% həcmində profisitlə icra edilib. Statistik rəqəmlərin təhlili göstərir ki, 1995-ci illə müqayisədə büdcənin sosial xərcləri 2013-cü ildə kifayət qədər artırılıb. Belə ki, 1995-ci illə müqayisədə sosial müdafiə və sosial təminat xərcləri 48, təhsil xərcləri 19, səhiyyə xərcləri isə 21 dəfə artırılıb. Beləliklə ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında xüsusi ilə də infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırılmasına diqqət yetirilib. Ötən müddət ərzində hökumət ölkənin yüksələn maddi imkanları fonunda uğurlu pensiya siyasəti həyata keçirməklə minimum pensiya həddini 99 dəfə artıraraq 1.1 manatdan(1995-ci il) 100 manatadək(2013-cü il) artırıb. Analoji olaraq təyin olunmuş aylıq pensiyanın orta məbləği 1.7 manatdan 152 manata, yaşa görə 1.7 manatdan 168.5 manata, əlilliyə görə 1.9 manatdan 129.8 manata, ailə başçısını itrməyə görə isə 1.6 manatdan 109.2 manatadək artırıb. Beləliklə orta hesabla əhalinin pensiya həddi təxminən 90 dəfə artıb".
Ekspertin fikrincə, Azərbaycanın tarixən daha çox enerji resursları ilə dünyanın diqqət mərkəzində olmasına baxmayaraq, hökumətin həyata keçirdiyi iqtisadi siyasət ölkənin əmək resurslarından və istehsalat imkanlarından istifadə edərək, neft asılılığını azaltmaq və post neft dövrünə hazırlıq istiqamətində davam etdirilməkdədir: "1995-2013-cü illərdə ölkə iqtisadiyyatına ümumilikdə 107.5 milyard dollar investisiya qoyulub ki, bunun da 43.4%-i və yaxud 46.6 milyard dolları xarici investisiyaların payına düşüb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatına cəlb edilən xarici investisiyaların 45.3%-i və yaxud 21.1 milyard manatı qeyri-neft sektorunun aktivindədir. Belə ki, 1995-ci ildə xarici investisiyaların həcmi 0.4 milyard dollar idisə 2011-ci ildə 8.7, 2012-ci ildə 10.3, 2013-cü ildə isə 10.5 milyard dollar olub. Buna baxmayaraq, artan maliyyə imkanları ölkədə daxili investisiyaların iqtisadiyyata axınını daha da sürətləndirib. Nəticədə, 1995-ci ildə sadəcə 0.17 milyard dollar olduğu halda 2013-cü ildə müvafiq göstərici 17.5 milyard dollara qədər artıb. Hazırda isə Azərbaycan sadəcə investisiya idxal edən deyil həmçinin, investisiya ixrac edən ölkə statusu qazanıb. Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulub...".

Əli