“Həbs olunan məmurlar layiqli cəzalarını alacaqlar” Siyasət

“Həbs olunan məmurlar layiqli cəzalarını alacaqlar”

Anar İsgəndər: “Əminəm ki, bu, çoxlarına dərs olacaq”

Eldəniz Səlimov: “Heç kim məsuliyyətdən yayına bilməyəcək”

Bu gün ölkədə bütün sahələrdə islahatlar aparılır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar ölkənin bu günü və gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Amma bir sıra yerli icra strukturları, məmurlar islahatlara adekvat fəaliyyət göstərmir. Təbii ki,
islahatlara dəstək verməyən, dövlət başçısının xəbərdarlığından nətcə çıxarmayan məmurlar sərt cəzalandırılırlar.
Millət vəkili Anar İsgəndər “Xalq Cəbhəsi”nə bildirdi ki, məmur özbaşınalığı dünyanın ən sivil ölkələrində də mövcuddur. Onun sözlərinə görə, Azərbaycan da demokratik ölkə olaraq bu problemləri daha sivil qaydada həll etmək istəyirdi: “Çox təəssüflər olsun ki, bu özbaşınalıqları qeyd etdiyim şəkildə həll etmək mümkün olmadı. Dövlət başçısı cəmiyyətin arzu və istəyini ifadə edərək məmur ordusuna kifayət qədər müraciətlər etdi. Bəziləri bu çağırışdam nəticə çıxarmaq istədi. Bu gün həbs olunan məmurlar layiqli cəzalarını alacaqlar. Buna heç kimin şübhəsi olmasın. Mən əminəm ki, bu, çoxlarına dərs olacaq”.
Deputat Eldəniz Səlimov isə, hesab edir ki, islahatlar prosesi davam etdirilir və bu müsbət nəticələr verir: “Bu islahatların anonsu hələ bir il öncə, Prezidentin 2019-cu ilin martın 20-də Azərbaycan xalqına Novruz təbrikində verilmişdi. Həmin vaxtdan ötən dövr ərzində də atılan addımlar yenə hamımızın gözlərimiz önündədir.
Bu tarixi günlərin və anların şahidləri və iştirakçılarıyıq. Dövlət başçısının həyata keçirdiyi islahatlar, göstərdiyi iradə nəticəsində həm siyasi səhnədə, həm də məhkəmə-hüquq sistemində böyük uğurlar əldə edilməkdədir. Ölkəmizdə yaranan yeni siyasi konfiqurasiyada da məhz o qüvvələr yer alıblar və alacaqlar ki, hər zaman konstruktiv mövqe sərgiləmələri ilə seçiləcəklər, hər zaman dövlətin, dövlətçiliyin yanında olacaqlar. Kənarda qalanlar isə özlərindən küssünlər. Çünki buna layiq deyillər. Öz əməlləri ilə özlərini kənarda qoyublar və qoyacaqlar”.
Millət vəkili əlavə edib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq əməkdaşlığa da böyük önəm verir: “Ölkəmiz Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (QREKO), Çirkli Pulların Leqallaşdırılmasına Qarşı Ekspertlər Komitəsinin (MONEYVAL) və BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının müvafiq qiymətləndirmə mərhələlərini uğurla keçib. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər bu gün də uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır. Məlum olduğu kimi, son dövrlərdə dövlət başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının həbs edilməsi, o cümlədən digər yüksək rütbəli məmurların korrupsiya cinayətlərinin ifşa edilməsi korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərməklə yanaşı, heç kimin korrupsiya cinayətindən yayına bilməyəcəyini sübut edir.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu kimi hallar araşdırılaraq müəyyən olunur, vəzifələrindən sui-istifadə edən, xalqın və dövlətin mənafeyinə zərər vuran məmurlar aşkar edilərək qanun qarşısına çıxarılırlar. Qanun hər kəsə aiddir və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu qanunlar qarşısında məsuliyyət hiss etməlidir. Əbəs yerə deyil ki, dövlət başçısı bu barədə çıxışında Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsinin vacibliyinə toxunub, bu istiqamətdə amansız mübarizənin aparıldığını vurğulayıb. Xüsusilə, rayonlara təyin olunmuş bir sıra icra başçılarının həbslərini xatırladan ölkə rəhbərimiz belə xoşagəlməz halların digər rayonlarda da olduğunu deyib. Bu isə bir daha sübut edir ki, heç kim məsuliyyətdən yayına bilməyəcək və xalqın, dövlətin mənafeyinə ziyan vuran istənilən şəxs məsuliyyətə cəlb ediləcək. Korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə daraldılır”.

Əli