Cəza siyasətinin humanistləşdirilməsi diqqət mərkəzindədir Siyasət

Cəza siyasətinin humanistləşdirilməsi diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının qorunmasına daim xüsusi önəm verilir, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, COVİD-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür.
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilmiş, bir çox əməllər dekriminallaşdırılmış, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunmuşdur.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı yeni Qanunun təsiri altına düşən məhkumlar barədə məhkəmələrə göndərilmiş təqdimatlardan 6.400-ü təmin edilmiş, o cümlədən cəzaçəkmə müəssisələrində saxlanılan və probasiya qurumlarının qeydiyyatında olan 1.737 nəfər məhkum cəzadan tamamilə azad edilmiş, 2.800-ə yaxın məhkumun törətdiyi əməllər yeni maddələrə tövsif edilərək cəza müddətləri azaldılmışdır.
Bununla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun tətbiqi davamlı xarakter almış, o cümlədən indiki pandemiya dövründə intensivləşərək 600-dən artıq məhkum azadlıqdan məhrum etmə növündə cəzadan şərti azad edilərək probasiya qeydiyyatına götürülmüşdür. Hazırda probasiya qurumlarının qeydiyyatında olan 1.270 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barədə müvafiq məhkəmə qərarlarının icrası davam etdirilir.
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanda da dövlət başçısının humanist siyasətinin təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılmış, bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə əsaslı dəyişikliklərin edilməsi, o cümlədən bir çox əməllərin dekriminallaşdırılması, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı hazırlanmış qanun layihələri Milli Məclisə təqdim olunmuş və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 01.05.2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilmişdir.
Dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılmış, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunmuş, azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilmiş, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilmişdir.
Yeni Qanun və onun tətbiqi barədə dövlət başçısının 22.05.2020-ci il tarixli Fərmanı ədliyyə orqanlarının üzərinə mühüm vəzifələr qoymuş, bununla əlaqədar Ədliyyə Nazirliyi üzrə 01 iyun 2020-ci il tarixli əhatəli Əmr imzalanaraq, Qanunun dürüst və mütəşəkkil icrasının təmin olunması, o cümlədən penitensiar və probasiya xidmətlərinin əməkdaşlarına təlimlərin keçirilməsi, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qanunun humanist mahiyyəti barədə geniş maarifləndirmə işinin aparılması, Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq onların cəzadan azad olunması və ya cəzasının yüngülləşdirilməsi ilə bağlı təxirəsalınmadan qanunamüvafiq tədbirlərin görülməsi barədə və digər konkret tapşırıqlar verilmişdir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı