Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Vətənin müdafiəsinə hazıram!” mövzusunda onlayn tədbir keçirilib Siyasət

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Vətənin müdafiəsinə hazıram!” mövzusunda onlayn tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Tovuz və Ağstafa Gənclər və idman idarələrinin əməkdaşlarının, fəal gənclərinin iştirakı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda onlayn hərbi vətənpərvərlik tədbiri keçirilib.

Ombudsman Aparatından bildirilib ki, tədbirin əvvəlində düşmən təxribatı nəticəsində şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqləlik sükutla yad edilib. Çıxış edən Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərmişdir. Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının mövqelərini, o cümlədən dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutması həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olub.

Tədbir iştirakçılarına məlumat verilib ki, Tovuz rayonu istiqamətində baş vermiş təxribat nəticəsində insan hüquqlarının pozulması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Ombudsman Səbinə Əliyeva tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli bəyanatda pandemiya dövründə belə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması və təxribatçı hərəkətlərinə davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırdığı xüsusi olaraq vurğulanıb.

Müvəkkil Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Tovuzun Ağdam və Dondar Quşçu kəndlərinə mülki şəxslərə məxsus dağıdılmış evlərə, həmçinin artilleriya atəşinə məruz qalmış Tovuz rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı əraziyə, erməni təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyəti ilə tanış olmaq üçün hərbi hospitala baş çəkərək monitorinqlər aparıb, apardığı monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib. Tovuz, Ağstafa və Qazax rayonlarına səfəri zamanı həmçinin şəhid olmuş hərbi qulluqçuların və mülki şəxsin ailələrini ziyarət edən Ombudsman onlara baş sağlığı verib.

S.Abbasov düşmənə qarşı mübarizədə olduqca həssas olan bu dövrdə Azərbaycan gəncliyinin yüksək vətənpərlik nümayiş etdirdiyini, ölkə başçısı İlham Əliyevin çağırışı ilə minlərlə gəncin orduda könüllü xidmət etmək üçün qeydiyyata alınması barədə müraciət etdiklərini, bu gün Azərbaycan Ordusunun ölkə başçısının diqqət və qayğısı nəticəsində ən müasir silah və döyüş texnikaları ilə təchiz olunduğunu, bunun nəticəsində təxribata yol vermiş düşmənə sarsıdıcı zərbələr vurulduğunu, bütün sahələrdə olduğu kimi, informasiya müharibəsində də düşmənlə mübarizədə gənclərin xüsusi fəallıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə iştirak edən gənclər Azərbaycan gəncliyinin Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini icra etməyə hazır olduqlarını vurğulayıblar.