“İndi müharibə təhlükəsi həmişəkindən daha yaxındadır” Siyasət
Millət vəkili:”Uzanan və getdikcə dərinləşən münaqişə düz Avropanın sərhədlərindədir”
Avropa İttifaqının (Aİ) “New Europe” jurnalında və eyniadlı saytında Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevin “Ermənistanın təcavüzü Cənubi Qafqaz üçün uzunmüddətli ağır nəticələrə səbəb olacaq” adlı məqaləsi dərc olunub.
Avropa İttifaqının əsas siyasi-analitik jurnalı kimi nəşr olunan “New Europe” (“Yeni Avropa”) Avropa siyasətçilərinin dünyada baş verən hadisələrə münasibətini və analitik təhlillərini şərh edən dövri mətbuat orqanıdır.
Cavanşir Feyziyevin məqaləsində 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin 20 % ərazisinin işğal olunduğu və işğalın nəticələrinin aradan qaldırılması üçün BMT TŞ-nın 4 Qətnaməsinin qəbul olunduğu, lakin bu günədək həmin qətnamələrin yerinə yetirlmədiyi qeyd olunub.
Məqalədə iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən məqsədli şəkildə hazırlanmış və başladılmış təxribatın mahiyyəti açıqlanıb və bu təxribatı törətməkdə Ermənistanın məqsədləri təhlil olunub.
Ermənistanda siyasi və iqtisadi böhranın son həddə çatması və Paşinyan hökümətinin vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdi, eləcə də Ermənistan tərəfindən münaqişənin həlli üzrə Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini pozmaq və mövcud status-
kvo vəziyyətini mümkün qədər uzatmaq cəhdi pislənilib.
Ermənistanın məqsədləri sırasında onun üzv olduğu KTMT üzv dövlətlərini Azərbaycanla münaqişəyə cəlb etmək niyyəti də qeyd edilir və bildirilir ki, Ermənistan bu yolla digər regional güclərin Cənubi Qafqaza müdaxiləsinə şərait yaradır və bu baş verərsə, Cənubi Qafqaz üçün uzunmüddətli ağır nəticələrə gətirib çıxara bilər.
Müəllif bildirir ki, Ermənistan sərhəd xəttindəki yüksəkliklərdə yerləşən Azərbaycan Sərhəd Qoşunlarının postunu ələ keçirmək və həmin ərazidən keçərək Azərbaycandan Avropaya gedən neft-qaz kəmərlərini və Şərq-Qərb nəqliyyat dəhlizini nəzarət altına almağı da hədəfləmişdi ki, bu da bütövlükdə Cənubi Qafqaz bölgəsinin Avropa ilə inteqrasiya proseslərinə mane olmaq və xüsusilə də Avropanı alternativ enerji mənbəyindən məhrum etmək cəhdi kimi dəyərləndirilməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT çərçivəsində son 30 ilə yaxın müddətdə aparılan danışıqların səmərəsiz olduğunu vurğulayan millət vəkili Azərbaycan cəmiyyətində artıq Minsk Qrupuna ümidlərin itirildiyini və xalqın səbrinin tükəndiyini bildirir. Minsk Qrupunun münaqişə tərəflərini öz adı ilə çağırmamasını, beynəlxalq səviyyədə qəbul olunmuş qərar və qətnamələrin həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiqin göstərilmədiyini qeyd edən müəllif bildirir ki, Azərbaycan diplomatiya xatirinə nəticəsiz danışıqlar aparmaq niyyətində deyil. Aparılan danışıqlarda heç bir nəticə əldə olunmayacağı halda Azərbaycan BMT Nizamnaməsinə müvafiq şəkildə işğal olunmuş ərazilərini azad etmək hüququndan istifadə edəcək və Avropanın da etibarlı tərəfdaş kimi Azərbaycanın bu istiqamətdə atacağı addımlara dəstək verəcəyinə ümid edir. Sonda müəllif bildirir ki, Avropa bu münaqişənin uzun müddət həll olunmamasına görə narahat olmalıdır, çünki uzanan və getdikcə dərinləşən münaqişə düz Avropanın sərhədlərindədir və indi müharibə təhlükəsi həmişəkindən daha yaxındadır.