Zeynəb Xanlarovadan xəbərdarlıq Siyasət

Zeynəb Xanlarovadan xəbərdarlıq

"İstəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə sındırsınlar o hasarları?"
Sabir Rüstəmxanlı: "Varlılar dənizin içinə girirlər"

Milli Məclisin dünənki iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən vitse-spiker Valeh Ələsgərov deputatların uca səslə söhbət etdiyini görüb "siz ucadan danışırsınız, mən də səsimi qaldıracağam, sonra kiminsə qulağına ziyan dəyəcək" deməklə etirazını bildirib. Ancaq az sonra yenidən səs-küyün yarandığını gördükdə çıxışına ara verib və uzun pauzadan sonra deyib: "Mane oluram sizə, ona görə dayanmışam, sizə mane olmayım. Danışırsınız, bir-birinizin qulağınıza pıçıldayın".
Qanun layihəsinə görə, bundan sonra Xəzəri çirkləndirənlər cərimələnəcəklər.
Vitse-spiker bildirib ki, Xəzər başqa dənizlərdən fərqli olaraq qapalı su hövzəsidir və Xəzəryanı dövlətlər buna görə də bu məsələyə daha diqqətli yanaşmalıdırlar: "Çirklənməyə görə, məhv olan dəniz kimi Aral dənizini misal çəkmək olar. Bu dəniz çirklənməyə görə, bataqlıqlara və balaca göllərə çevrilib. Bu cür halların Xəzərdə baş verməməsi üçün qanun layihəsi Milli Məclisin gündəliyinə salınıb. Protokolu və konvensiyanı qəbul edən ölkələr öhdəliklər götürür ki, dəniz çirklənməsin. Bu konvensiyaya daxil olan ölkələr buna əməl etməlidirlər. Qanun layihəsi qəbul olunarsa, Xəzəri çirkləndirən şəxslər cərimələnəcək və məsuliyyətə cəlb olunacaq".
Deputat Fəzail Ağamalı qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib ki, Xəzərlə bağlı hazırki durum heç də ürəkaçan deyil: "Nabrandan Lənklərana qədər Xəzər dənizinin sahilindəki obyektlərə və istirahət parklarına nəzər salsaq görərik ki, burada çirklənmiş sular təmizlənmədən dənizə axıdılır. Belə olan halda biz protokolu qəbul etsək də bunun heç bir xeyri olmayacaq. Bizə verilən nemət bəlaya çevriləcək. Çünki qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçursa deməli çirklənib. Xahiş edirəm imkanlarınızdan və səlahiyyətinizidən istifadə edib çirklənməni dayandırın. Bizim sözlərə, qaldırdacağımız məsələlərə diqqət edən yoxdur. Mən bu protokolu icra olunduğu təqdirdə alqışlayıram".
Millət vəkili Zeynəb Xanlarova isə çıxışında Xəzər dənizi boyu çəkilən hasarlarla bağlı Nardaran sakinlərinin etirazını çatdırıb: "Nardaran camaatını ayağa qaldırmasınlar. Sağ olsun ölkə başçısını, Nardaran sakinlərinin işıq, qaz problemi var idi, prezidentə müraciət etdim və saatlarla da olsa, bu məsələ həll olundu. Amma mən çox qorxuram ki, camaat yenə ayağa qalxar. Yenə camaatı ayağa qaldırmayaq. Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, mən dünyanı gəzirəm, amma belə şey görməmişəm. Çamaat ağlayır. Deyirlər hər şeyimizi əlimizdən alıblar, dənizimizi niyə əlimizdən alıblar? Sizi oğurlamayacaqlar ki? Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkib. Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə sındırsınlar o hasarları? Qaz məsələsi dedim, prezident bu problemə əncam çəkdi. Amma mən qorxuram ki, camaat yenə ayağa qalsın. Nardaran sakinlər "sən öləsən, mən ölümə" baxmırlar. Bu dənizi almaq olmaz axı? Mən əvvəlcədən deyirəm. Sonra deməsinlər Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmadı. Mən sözümü dedim".
Zeynəb Xanlarovanın bu çıxışına onun deputat həmkarı, Bilgəh bələdiyyəsinin keçmiş sədri Qalib Salahzadə cavab verib. O, sözügedən torpaq sahələrinin Nardarana aid olmadığını vurğulayıb: "Dediyiniz ərazi Nardaran yox, Bilgəh torpaqlarıdır. Bu torpaqların nardaranlılara heç bir aidiyyatı yoxdur. Nardaran və Bilgəh torpaqları bir-birindən ayrıdır. Heç bir bilgəhli icazəsiz gedib Nardaran ərazisində tikinti apara bilməz".
Deputat dənizboyu hasarların tikilməsinə haqq qazandırıb: "Həmin imkanlı şəxslər dövlətə pul ödəyərək, torpaq alıblar və istədikləri formada tikili tikiblər".
Millət vəkili Sabir Rüstəmxanlı da çıxışında bildirib ki, "varlılar dənizin içinə girirlər". O bildirib ki, Azərbaycanda Xəzər dənizi sahilindəki torpaqların "işğalına" şərait yaradılıb: "Nabrandan Astara sərhədinə qədər bu sahillər işğal olunub. Bir də görürsən ki, 1 km uzunluğunda hasar çəkilib. Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu, imkanı çox olar. Bu, o demək deyil ki, imkandan istifadə edib millətin sərvəti olan dənizi zəbt etməlidirlər. Əgər onların iştahları itidirsə, Qobustan təpələri boş qalıb, gedib orada bağlar salsınlar, nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Hətta dənizin kənarında olan mayakı uçurmaq istəyirlər. Bu cür özbaşnalıq olmaz".

Cavanşir