Müsavat Partiyası dağılır Siyasət

Müsavat Partiyası dağılır

Nəsib Nəsibli və İltizam Əkbərli partiyadan getdilər

Səxavət Əlisoy: ""Arif Hacılıya dost-tanışlarından, qohum-qardaşlarından ibarət bir qurum lazımdır"

Rüfət Əliyev: "Yeni rəhbərlik istefa verməlidir, əks halda, hadisələr idarəolunmaz hal ala bilər"

Sabiq deputatlar Nəsib Nəsibli və İltizam Əkbərli Müsavat Partiyası sıralarından istefa veriblər. Nəsib Nəsibli istefası barədə partiya rəhbərliyinə məlumat verdiyini bildirsə də, istefasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, Nəsib Nəsibli vaxtilə Milli Məclisin deputatı olub.
Müsavat başqanının müavini Gülağa Aslanlı Nəsib Nəsiblinin istefasına münasibət bildirib. Onun sözlərinə görə, Nəsib Nəsiblinin xeyli müddətdir, partiya ilə heç bir əlaqəsi yoxdur: "O, xeyli müddət idi ki, partiya ilə bağlı bütün məsələlərdə susurdu. Əvvəla, Müsavat Partiyası Qərargahına hər hansı şəxsin istefa ərizəsi ilə müraciət etməsi haqqında məlumat daxil olmayıb. Nəsib Nəsibli isə istefa verməsi üçün Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib. Əlavə nəsə demək istəmirəm".
İltizam Əkbərlinin istefasına gəlincə, başqan müavini bununla bağlı şayiələrin yer aldığını söyləyib: "İltizam Əkbərlinin Müsavat Partiyasından istefa verməsi uydurmadır. Belə hadisə baş verməyib. Bu yaxınlarda İltizam Əkbərlinin bacısının yas mərasimində bir yerdə olmuşuq. Onun partiyadan istefa verməsi fikri yoxdur. Bu tip xəbərlər yalan informasiyadır".
Qeyd edək ki, Müsavat Partiyasından bir-birinin ardınca istefalar davam edir. Məlumata görə, sabiq deputat İltizam Əkbərlinin partiyaya gəlməməsi onun partiya sıralarından istefa verməsi ilə bağlıdır.
Xatırladaq ki, Arif Hacılının başqan seçilməsindən sonra Müsavatda ciddi fikir ayrılıqları yaranıb və xeyli sayda fəal partiyadan ya istefa verib, ya da ki ümumiyyətlə bundan sonra Müsavatda aktiv fəaliyyət göstərməyəcəyini bildirib.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli Nəsib Nəsiblinin istefa verəcəyi barədə əvvəlcədən məlumatlı olduğunu, onun istefasına qurultay və başqanlıq seçkilərinin təsir etdiyini bildirib. Ellada Məmmədli qeyd edib ki, Nəsib Nəsibli Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etməyib: "Bizim aramızda qurultaydan sonra danışıq oldu. O bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur. O mənə dedi ki, qurultaydan sonra iki gün özünə gələ bilməyib. Mənə bildirdi ki, belə olan təqdirdə yəqin ki, partiyada qalmayacaq. Bir müddətdən sonra mənə yenə zəng vurdu. Xətai rayon təşkilatına istefa müraciəti göndərmək üçün məndən məsləhət istədi. Mən də gözləməsini xahiş etdim. Çalışdım ki, bir həftə gözlədim onu. O da buna əməl etdi. Ancaq bir həftədən sonra yenidən aramızda söhbət oldu və mən onu gözlətdiyim üçün üzr istədim. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra, o, dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verdi".
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da Nəsib Nəsiblinin partiyadan istefasına münasibət bildirib. Onun fikrincə partiyada cərəyan edən proseslər qopmaların sayını artıracaq".
S. Əlisoy N. Nəsiblinin istefasını Müsavat üçün böyük itki hesab edir.
"İstefanın səbəbləri barədə məlumatım yoxdur. Nəsib bəyin özü nə vaxtsa bu səbəbləri açıqlayacaq. Lakin partiyada cərəyan edən proseslərin qopmaların sayını artıracağını düşünürəm. Çünki ləyaqətli müsavatçıların saxtakarlığı həzm etməsi çətin məsələdir", - deyə o bildirib.
S. Əlisoy yeni rəhbərliyə güclü Müsavatın lazım olmadığınını deyib: "Arif Hacılıya dost-tanışlarından, qohum-qardaşlarından ibarət bir qurum lazımdır. Güclü Müsavatı populistlər idarə etmək iqtidarında deyil. Bunun üçün zehniyyət dəyişməlidir. Ömrünü şüarçılığa həsr etmiş birisi heç vaxt düşüncələrini dəyişə bilməz".
O, noyabrın 8-dən sonra bir çox suallara cavab tapılacağını, bəzi məsələlərə aydınlıq gətiriləcəyini deyib.
Qeyd edək ki, noyabrın 8-də Qubad İbadoğlu və yeni rəhbərlikdən narazı olanlar bir araya toplanacaq.
Musavat başqanlığına keçmiş namizəd Tural Abbaslı isə deyib ki, Müsavat Partiyasında vəziyyət belə davam edərsə, rəhbərlik hazırkı mövqeyini dəyişməyəcəksə, mütləq fraksiya yaranmalıdır. Seçkidən sonra bu günə qədər bir aydan çox bir vaxt keçdiyini deyən Tural Abbaslı hesab edir ki, bu, partiya başqanı üçün yetərli vaxt idi ki, partiyanın birgəliyini təmin edə, narazı tərəfləri razı sala bilsin, yəni ümumi bir birləşdirici mövqe tuta bilsin: "Yeni başqanın bu mövqeyini ortaya qoymaq və bütöv bir Müsavatın başqanı olmasını sübut etmək üçün kifayət qədər vaxtı var idi. Mən Qubad İbadoğlunun seçkilərlə bağlı mövqeyinin haqlı və ya haqsız olduğuna rəy bildirmək istəmirəm, amma hər halda narazılıq varsa və bu elektoratı görməməzlikdən gəlmək, partiya daxilində qarşıdurmanın aradan qaldırılması istiqamətində addımlar atılmaması məni qane etmədi. Mən Arif Hacılı ilə bir dəfə görüşmüşəm və bunları orada da qeyd etmişdim. Yəni seçkilərdən sonra yeni başqanın sərgilədiyi mövqeni bəyənmirəm və düşünürəm ki, bu gedişlə getsə, partiyaya ciddi ziyan dəyəcək. Odur ki, biz bu səbəbdən fraksiyanın yaradılması və narazı kəsimin öz fikrini bildirməsi üçün bir platformanın olmasını düşündük. Buna görə fraksiyanın yaradılmasının tərəfdarıyıq".
Tural Abbaslı əlavə edib ki, partiyadaxili seçkinin nəticəsindən, seçkidən sonrakı proseslərdən, partiyadakı indiki vəziyyətdən narazı insanlarla görüşlər keçirilir: "Məsləhətləşmələrimiz olub, yəqin ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyinə cavab bildirəndən sonra bizim fraksiyanın yaradılması istiqamətində danışıqlarımız daha intensiv aparılacaq. Biz rayon təşkilatlarının rəhbərləri ilə, ümumilikdə müsavatçılarla görüşlərimizi davam etdirəcəyik".
Onun sözlərinə görə, fraksiyanın ən azından bu xeyri olacaq ki, istefaların qarşısı alınacaq. İnsanlar istefa verməyəcəklər, gəlib fraksiyada öz etirazlarını bildirəcəklər".
Tural Abbaslı həmçinin əlavə edib ki, Nəsib Nəsibli kimi ziyalı bir adamın Müsavat Partiyasından istefa verməsi indiki durumda partiya üçün ikiqat zərbədir. Onun sözlərinə görə, əgər istefa səbəbi siyasi motivlərdən irəli gəlirsə, bu cür halların qarşısı təcili alınmalıdır.
Müsavatın Zəngilan rayon təşkilatının sədri, Məclis üzvü Rüfət Əliyev deyib ki, Müsavatda baş verən hadisələrin əsas baiskarı indiki rəhbərlikdir. Müsavat üzvü bildirib ki, partiyadan istefa verənlərin geri qayıtması, yeni istefaların olmaması üçün yeni rəhbərlik istefa verməlidir: "Əks halda, hadisələr idarəolunmaz hal ala bilər".
Rüfət Əliyev bildirib ki, Arif Hacılı narazı insanların varlığını qəbul etmək istəmir: "Ona qarşı çıxanları xəyanətkar adlandırır".
Məclis üzvü qeyd edib ki, Müsavatdakı gələcək fəaliyyətlərini Qubad İbadoğlunun MNTK-ya ünvanlandığı suallara cavab verildikdən sonra müəyyən edəcəklər: "Arif Hacılı isə həqiqətən də istefa verməlidir".
Qeyd edək ki, R. Əliyev müraciət yayaraq Arif Hacılını istefaya çağırmışdı. Onun müraciətində deyilirdi ki, Qurultayın Say komissiyasının üzvü olub, səslərin sayılması prosesi şəffaf keçirildiyindən hər hansı ciddi qanun pozuntusuyla qarşılaşmayıb: "Bununla belə səsvermə Müsavat üzvlərinin gerçək iradəsini ifadə etmir. Çünki seçkinin nəticələri qurultaydan əvvəl saxtalaşdırlmış, Qubad İbaqoğlunun bir sıra tərəfdarları müxtəlif yollarla qurultayda iştirak etmək hüququndan məhrum olunmuşdular. Bu da istər-istəməz qurultayda bu cür nəticənin ortaya çıxmasına zəmin hazırlamışdır. Bəri başdan deyim ki, mənim Arif bəyə heç bir qərəzim yoxdur. Hətta 2010-cu il parlament seçkilərində onun səlahiyyətli nümayəndəsi olmuşam. Gecəmi gündüzümə qatıb, onun təbliğatının layiqincə aparılmasında əlimdən gələni əsirgəməmişəm. İndi isə üzümü ərklə ona tutub demək istəyirəm. Arif bəy, arzuladığınız vəzifələrə yiyələnmək nə sizə, nə də uzun illər yükünün altına çiyninizi verdiyiniz Müsavata yaraşır. Öz üzvlərinin iradəsinə xor baxan başqan imiciniz yaxşı əks-səda yaratmır. Nəyin bahasına olursa olsun, başqan seçilmək həvəsiniz vəzifəpərəstlikdən irəli gəlirmiş kimi görünür. Arif bəy, özünüzün və partiyamızın adı ətrafında yaranan bu xoşa gəlməz şübhə sisini sizin bir addımınız dağıda bilər. Bu addım isə istefanızdır. İllərimizi verdiyimiz, rahatlığımızı itirdiyimiz Müsavat idealları naminə bu addımı atın! Siz başqan olaraq bir partiyaya deyil, bir ovuc yaxınlarınıza rəhbərlik edəcəksiniz. Bunu isə onsuz da edirsiniz. Nəticə etibarilə sizi bir şəxsiyyət kimi əsla böyütməyən başqanlıq uğrunda mübarizəniz sonda partiyamızı "cırtdan" bir quruma çevirə bilər".

Əli