“Bu qədər ironiya, özündənrazılıq...” Siyasət

“Bu qədər ironiya, özündənrazılıq...”

Xədicə İsmayılla Əli Kərimlinin müavini bir-birilərini ittiham edirlər

"Azadlıq radiosu"nun əməkdaşı, qalmaqallı jurnalist Xədicə İsmayıl AXCP sədrinin müavini Razi Nurullayevi hökumətlə əməkdaşlıqda ittiham edib.
Publika.az xəbər verir ki, Xədicə İsmayıl "facebook" səhifəsində Razi Nurullayevdən narahat olduğunu yazıb: "Şəxsiyyətin ikiləşməsi problemləri ilə bağlı mütəxəssislərə müraciət etmək lazımdır. Amma Razi Nurullayevdən də çox Obamadan narahatam. İndi "Azərbaycanda QHT qanunvericiliyi QHT fəaliyyətini mümkünsüz edib" deyən Obamaya deyəcəklər ki, az danış, bizim "öndə gedən müxalifət partiyası"nın sədr müavini hər şeyin yaxşı olduğunu deyir. Gəl indi izah elə ki, bizim müxalifət partiyalarında hökumətlə əlaqələr üzrə müavin postu formalaşmaqdadır. AXCP-çilər də bizi intizarda qoymasın. Ayrı nə sürprizləri var, bəri başdan qoysunlar ortaya".
X. İsmayıl R.Nurullayevi QHT-lərlə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq etməkdə də ittiham edib: "Biz yeni qaydaların və qanunların xarici fondların müstəqil vətəndaş cəmiyyəti ilə əməkdaşlığını mümkünsüz etdiyini deyirik. Siz isə işləmək üçün imkanların olduğu deyirsiniz. Belə çıxır ki, kim işləmirsə, günah ondadır. Hələ Dövlət Dəstəyi Şurasına reveranslarınızı hara yazacağımı bilmirəm".
Razi Nurullayev də Xədicə İsmayılı cavabsız qoymayıb: "Yayılan hesabatda nəyə ilişirsiniz, Xədicə xanım? Orada səhv mövqe yoxdur. Yəqin heç tam oxumamısınız? Mən özümdən və mövqeyimdən narahat deyiləm. Çünki prinsipial mövqeyimi həmişə qorumuşam. Mənim yanaşmam daha doğrudur, sizin yanaşmanız isə başqalarının yanaşmasına oxşayır. Yaxşı olar özünüz kimi olun. İstifadəçilər sizi belə bəyənib. Amma dəyişsəniz, sizi oxuyanlar azalacaq. Mənim yumşaq tərzim ola bilər, amma bu, siz deyənlə əlaqəli deyil. Hər kəsin öz tərzi var. Məsələn, nə qədər çalışsam da, sizin kimi yazdığınız bu statusu yaza bilmərəm. Bu qədər ironiya, özündənrazılıq və ittiham etmə cəhdləri..."