12:06
623
Bu günədək Rusiya Federasiyasından Ermənistan Respublikasına Azərbaycan ərazisi ilə tranzit şəkildə təxminən 26 min ton yük daşınıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, bu yüklərin əsas hissəsini buğda və gübrə təşkil edib: “Rusiya ilə maliyyə sektorunda da səmərəli əməkdaşlıq qurulub. Xüsusilə ikitərəfli ticarətdə hesablaşmalarda milli valyutaların payı sabit artım nümayiş etdirir. İxrac əməliyyatları üzrə bu göstərici 42%-ə, idxal əməliyyatları üzrə isə 83%-ə çatıb.
Azərbaycanın turizm sektoru yüksək inkişaf potensialı nümayiş etdirir. 2024-2026-cı illər üzrə birgə yol xəritəsinin həyata keçirilməsi və fəal aviasiya əlaqələri turist mübadiləsinin davamlı artımına kömək edir. Rusiya vətəndaşları ənənəvi olaraq Azərbaycana gələn xarici turistlərin əhəmiyyətli hissəsini təşkil edir və ölkənin turizm imkanlarına davamlı maraq göstərirlər.
Xüsusilə, Xəzər dənizi sahilində yerləşən “Seabreeze” şəhər-kurort layihəsi istirahət edənlər üçün müasir turizm infrastrukturu və cəlbedici məkan formalaşdırır. Sea Breeze Resort 2025-ci ilin yay mövsümündə 100 mindən çox qonaq qəbul edib və turistlərin 78%-ni Rusiya vətəndaşları təşkil edib. Cari ilin yekunlarına görə, turist axınının ən azı 30% artacağı gözlənilir”.