“Bu, diplomatik uğurdur” Gündəm

“Bu, diplomatik uğurdur”

“AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ilə əlaqədar Aktau yaxınlığında qəzaya uğramasına görə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında, kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə praktik razılığa gəlinməsi hüququn və bütövlükdə beynəlxalq hüququn aliliyinin təmin olunması ilə yanaşı, həm də diplomatik uğurdur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat bildirib ki, ötən dövr ərzində məlum məsələ ilə əlaqədar tərəflər arasında Azərbaycan Respublikasından qaynaqlanmayan müəyyən gərginliklərə baxmayaraq Bakı və Moskvanın problemi dialoq yolu ilə həll etməyi bacarması, eyni zamanda hazırkı mürəkkəb geosiyasi şəraitdə bütövlükdə qlobal mühitdə dialoqa olan inamın artırılması baxımdan çox vacibdir: “Ötən il oktyabr ayının 9-da Düşənbə şəhərində cənab İlham Əliyev və Vladimir Putin arasında konseptual razılığa gəlinməsinə baxmayaraq Rusiyada ayrı-ayrı dairələrin müəyyən dövr ərzində qeyri-praqmatik davranışlar sərgiləməsinə rəğmən məhz Bakının qətiyyəti ilə arzuolunmaz ritorikanın dialoqla əvəzlənməsinin baş tutması həm də bölgənin təhlükəsizlik arxitekturasının daha da güclənməsinə mühüm töhfə oldu. Bu konfiqurasiyaya nail olmaqla Azərbaycan Respublikası, eyni zamanda həm insan amili və təhlükəsizlik məsələlərinin bütün maraq və mənafelərdən üstün olduğunu, həm də bu kimi məsələlərdə cəzasızlığın arzuolunmaz presedentlərə yol açmasının qarşısının dinc yolla alınması təcrübəsini yaratmış oldu”.

B.Məhərrəmovun sözlərinə görə, Bakı və Moskva arasında əldə edilən cari razılıq iki ölkə arasında münasibətlərdə yeni mərhələ olmaqla həm də müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm gediş sayıla bilər: “Sirr deyil ki, Azərbaycan heç bir dünya dövləti, xüsusən siyasi, mədəni, humanitar bağlara və iki əsrdən artıq bir müddətə ortaq tarixə malik olduğu Rusiya ilə münasibətlərinin heç vaxt korlanmasını arzulamayaraq əlaqələrin hər iki dövlətin və xalqın maraq və mənafelərinə uyğun şəkildə inkişafında maraqlı olub, bu istiqamətdə real və praktik səylər ortaya qoyub. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Rusiya ilə münasibətlərin xüsusi yer tutmasını nəzərə alaraq bu razılaşmaların həm də Bakı və Moskva arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı üçün əlavə zəmin yaradacağına ümid edirik”.

Röya İsrafilova