Türkiyəli professor: Ermənistanın Azərbaycan qarşı son hücumları Avrasiyanın enerji təhlükəsizliyinə təhdiddir Siyasət

Türkiyəli professor: Ermənistanın Azərbaycan qarşı son hücumları Avrasiyanın enerji təhlükəsizliyinə təhdiddir

Ermənilər hələ Osmanlı dövründən ərazilərimizdə terror və silahlı üsyanlar törətməklə diqqətləri özlərinə cəlb etməyi milli strategiya kimi qəbul ediblər. Bu proses həmişə erməni kilsəsi tərəfindən tənzimlənib. Təəssüf ki, müasir dövrdə nə Ermənistan rəhbərliyi, nə də erməni lobbisi dərk etmək istəmir ki, indi nə ötən əsrin əvvəlləri, nə də 1990-cı illər deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Enerji İqtisadi Dərnəyi, Boğaziçi Universitetinin professor Gürkan Kumbaroğlu ifadə edib.

Ermənistan silahlı qüvvələrinin hücumları əsasında bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyətin təcavüzkar dövlətinin üzərinə düşdüyünü diqqətə çatdıran professor Gürkan Kumbaroğlu deyib: “Ermənistanın Azərbaycana qarşı son hücumları mahiyyətinə görə Avrasiyanın enerji təhlükəsizliyinə təhdiddir. Avropa ölkələrinin bu hücumlara qarşı biganə qalması başadüşülən deyil. İndi Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə gərgin silahlı qarşıdurma yaranıb. Ermənistan müharibə prinsiplərini pozaraq Azərbaycanın mülki əhalisini hədəfə alır. Əslində, bütün bunlar düşmən tərəfin acizliyini və iqtisadi zəifliyini göstərir. Ermənistan üç mühüm göstəriciyə görə məğlubiyyətə məhkumdur. Əvvəla, bu ölkə işğalçıdır. Həm də işğal faktını yalnız öz gücünə gerçəkləşdirməyib. İkincisi, bu ölkənin sosial-iqtisadi imkanları məhduddur. Ən əsası isə Ermənistan əhalisi bu işğalçılıq siyasətində iştiraka məcbur edilib. Əgər təcavüzkar tərəf açıq və ədalətli referendum keçirsə, heç şübhəsiz, əhalinin əksəriyyəti dinc həyat istədiyini ifadə edər”.

Azərbaycan dövlətinin və Silahlı Qüvvələrin bütün parametrlərə görə Ermənistandan üstün olduğunu diqqətə çatdıran professor əminliklə qeyd edib ki, müzəffər Azərbaycan Ordusu tezliklə zəfər çalacaq və bölgədə yeni iqtisadi inkişaf modeli yaranacaq.