Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalında Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Siyasət

Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalında Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ATƏT Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq açıqlamalar yaysa da, otuz il ərzində biz bu açıqlamaların heç bir nəticə vermədiyini görürük.

Bbunu Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu Türkiyənin “CNN Türk” telekanalına müsahibəsində deyib.

O bildirib ki, ATƏT Minsk qrupunun problemi həll etmək iqtidarında olmadığı aydındır:

“Bunu niyə edə bilməməsi başqa mövzudur. Bildiyiniz kimi, Minsk qrupu həmsədrləri Rusiya, ABŞ və Fransadır. Bu üç ölkənin hər birində güclü erməni lobbisi mövcuddur. Bu səbəbdən də bu dövlətlərin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində addım atmaları imkansızdır”.

Trend BİA-nın baş redaktoru qeyd edib ki, Azərbaycan Ermənistan torpaqlarında deyil, öz ərazisində mübarizə aparır və əsas hədəf Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir:

“Gərginliyin artmasının yeganə səbəbkarı Ermənistan hakimiyyətidir. Onlar atəşkəs rejiminə baxmayaraq, davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədib. Ermənistan bölgəyə Livan, Suriya, İraq və hətta Misirdən olan etnik erməniləri yerləşdirib. Eyni zamanda ASALA terror təşkilatının fəaliyyəti üçün münbit şərait yaradıb”.