Ermənistan prezidentinin muzdlularla bağlı etirafı birbaşa terroru dəstəkləməsi deməkdir - Ekspert Siyasət

Ermənistan prezidentinin muzdlularla bağlı etirafı birbaşa terroru dəstəkləməsi deməkdir - Ekspert

Ermənistan prezidenti Armen Sarkisyanın başqa ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağda döyüşməsini etiraf etməsi onun birbaşa terroru dəstəkləməsi deməkdir.

Bunu açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib.

O bildirib ki, xarici ölkə vətəndaşının başqa ölkənin işğal etdiyi ərazidə döyüşməsi birbaşa terrordur: "Bu açıq müharibə cinayətidir. Bu, muzdluların vuruşmasıdır. Hesab edirəm ki, Sarkisyanın bu çıxışı terrorizmi dəstəkləməklə bağlı ən yüksək etirafıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı yəqin ki beynəlxalq təşkilatlara bəyanat verəcək və Azərbaycanın Baş Prokurorluğu bununla bağlı cinayət işi başlamalıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı var. Onlar böyük məmnuniyyətlə Azərbaycana gəlib, işğal altındakı ərazilərin azad edilməsi üçün döyüşməyə hazırdırlar. Lakin bu, yolverilməzdir. Hər bir ölkənin qanunları var, bu qanunlara uyğun fəaliyyət göstərilir.

Ermənistan müxtəlif ölkələrdən ermənilərlə yanaşı, erməni adı altında Dağlıq Qarabağa muzdlular cəlb edir. Bu beynəlxalq cinayətdir və müharibə cinayətidir. Azərbaycan bununla bağlı Birləşmiş Millətlər Təşkilatları və digər beynəlxalq qurumlara bəyanatlar verməlidir. Onsuz da məlumdur ki, hazırda Dağlıq Qarabağa Livandan və digər ölkələrdən "ASALA" terror təşkilatının nümayəndələri, PKK nümayəndələri, terrorçular cəlb edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi də bir neçə gün öncə bəyanatlar verib. Ermənistan prezidentinin etirafı bir daha sübut edir ki, Dağlıq Qarabağda muzdlu vuruşmaq üçün Ermənistan ordusunun tərkibinə terorçular cəlb edilib".

Ə.Nuriyev qeyd edib ki, Ermənistan preizdentinin bu etirafı həmçinin Fransa prezidenti Emmanuel Makronun yalanlarını üzə çıxardı. Məlum oldu ki, Makron özü ermənilər tərəfdə terrorçuların vuruşmasını ört-basdır etmək üçün Azərbaycanda Suriya vətəndaşlarının guya döyüşdüyünü iddia edir: "Makron bu faktı çox gözəl bilir ki, Ermənistan ordusunun tərkibində terrorçular var və onlar Dağlıq Qarabağda vuruşmaq üçün cəlb edilib. Fransa və digər ölkə vətəndaşları olan həmin terrorçular "jurnalist" və digər adlar altında Dağlıq Qarabağa cəlb edilir".

Hüquq müdafiəçisi bildirir ki, Azərbaycan öz ordusu ilə işğal altındakı ərazilərini azad etmək üçün vuruşur: "Bu, Azərbaycanın müdafiə hüququdur. Azərbaycanın öz ərazilərində düşməni məhv etmək haqqı var. Həm də Azərbaycan təcavüzə qarşı mübarizə aparır. Təcavüz isə beynəlxalq cinayətdir".